Keçmiş deputat Nazim Məmmədov bir-iki həftə qabaq sosial şəbəkədə belə bir cümlə yazmışdı: “2013-cü ildə istifadəyə verilmiş Gədəbəy-Qaravəllilər yolunun bir hissəsi Novosaratovka-Düzrəsullu kəndləri arası 20 faiz sıradan çıxıb”.
Bundan sonra Nazim bəy kədər bildirən “smaylik” qoymuşdu, düzü, mən özüm də neçə illərdir harda “20 faiz” rəqəmi görsəm leysan kimi ağlayıram, İsa bulağında yediyim kababları, Cıdır düzündə içdiyim araqları xatırlayıb saçlarımı yoluram. Hətta 3-cü minillik girəndən hər ilin qabağındakı “20...” hissəsi belə ürəyimi parçalayır. Təsəvvür edin, düz yüz il bu cür olacaqdır! Yalnız 2100-cü ildə uca millətimiz rahatlanacaqdır, əsrin töhmətindən qurtulacaqdır!
Əlbəttə, bunlar lirik reklam fasiləsi kimi bir şey idi, hörmətli Nazim bəyin yazdığı xəbərə qəti dəxli yoxdur. Ürəkdi də. Hökm eləmək olmur ki? Ağrıyanda Soçidə də ağrıyır, Panamada da. Adamı Ağcabədi çöllərində də böyrü üstdə yıxa bilər, Eyfel qülləsinin dibində də. (İnsan bədənində şüura tabe olmayan belə əzələlər vardır, çox dərinə getmək istəmirəm). “Ürək yaman şeydir” - yazıçımız Əkrəm Əylislinin belə başlıqda gözəl hekayəsi də var idi, tələbə vaxtı oxumuşdum. Süjeti qısa şəkildə belə idi ki, bir gənc Ordubaddan gəlir Bakıda ərik satmağa, ancaq xalq tələb eləyir, bunu Qaradağ rayonuna icra başçısı qoyurlar. Yanıla da bilərəm, gör neçə il keçir... Hər şey adamın yadında qalmır.
Nə isə, Qaravəllilər yolu bizi çox uzaqlara apardı, qayıdaq geri. Nazim bəy kədər işarəsindən sonra bir cümlə də yazmışdı, dəqiq yadımdadır: “Yolçəkənlər az oğurlasaydı bu yol illər boyu xidmət edərdi”. Hörmətli eks-deputat demək istəyirdi ki, yolu çəkəndə pulu basıb yeyiblər, ona görə 1 il keçməmiş dağılıbdır.
Yaxşı mövqe deyildir. Necə yəni yolçəkənlər az oğurlasınlar? Bəs onlar nə yesinlər? Bəs onların müdirləri, müdirlərin müdirləri nə yesin? Xaricdə bütün yollar Romaya aparır, bizdə isə dollara, avroya, manata. Yol çəkilişi dövlət büdcəsini yeməyin ən düzgün, rahat, hamar yollarından biridir. Misal üçün, asfaltın qalınlığı tutalım texniki baxımdan olmalıdır 10 santimetr. Sən bunu eləyirsən 8 santimetr. 2 santimetrlə kimə nə ziyan olacaq? Əksinə, yol qalın olanda adamın ayaqlarını ağrıdır. 2 santimetri kilometrlərə, qəpikləri manatlara vuranda ortaya əməllicə sərvət çıxır, dama-dama yaranan göldə üzürsən. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Dövlətin malı dənizdir, onu yeməyən donuzdur. Həsən də qəlyan çəkər, Hüsən də qəlyan çəkər, Tənbəki bol olanda, Siçan da qəlyan çəkər. Belə hikmətli sözlərimiz çoxdur, uşaqlarınıza savad verin, qoy oxuyub ləzzət alsınlar.
Mənim köhnə bir söhbəti, artıq qaravəlliyə çevrilmiş Qaravəllilər yolunu xatırlamağım isə dövlət başçısının növbəti sərəncamı üzündən oldu. Sərəncamda deyilirdi: “On min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,8 milyon (beş milyon səkkiz yüz min) manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılır”. Sitatın sonu. Təzə yolun isə başlanğıcı.
Hardasa 1 ildən sonra Bərdə rayonunun indiki deputatı Zahid Oruc Mollaisalar-Vəliuşağı yolunu gedib Facebook-da status yazacaq: “Yolun 20 faizi dağılıb. ATƏT-in Minsk Qrupunu bu yolu təmir etmədiyi üçün qınayırıq. Yolda metamorfoza olub”.
Zarafat edirəm, qorxmayın, Zahid Oruc elə şey yazmaz. Zahid müəllim istənilən yolu razılıqla gedə bilər.
