Medianews.az
Pomidor yeşikləri
550 baxış

Pomidor yeşikləri

zamin yeni raz
Keçən ayın sonunda bir məlumat yayılmışdı: ASAN-xidmətin Gəncə şəhərindəki bölməsində Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı yaradılıb. Araya müharibə düşdü, bu cür vacib məsələyə münasibət bildirmədik. Həm də heç indi də gec deyil, çünki dövlət qurumları bu qanunsuz hadisəyə münasibətini ötən iki həftədə açıqlamamışdır.
Məsələnin mahiyyəti ondadır ki, bizim cırıq-curuq edilmiş qanunlarımıza əsasən dövlət idarələrində hər hansı siyasi partiyanın özək bölümlərinin, ilkin təşkilatlarının yaradılması qəti qadağandır. SSRİ vaxtında hər bir müəssisədə Sov.İKP-nin partiya özəkləri yaradılırdı, lakin müstəqillik dövrümüzdə bu mürtəce ənənəyə son qoyulmuşdur. Mənası odur ki, dövlət qurumları hansısa ayrıca götürülmüş partiyaya deyil, xalqa xidmət etsinlər. Bəs ASAN-xidmətdə YAP yaratmaq nə üçün mümkündür? Bəlkə ASAN-xidmət göydən zənbillə düşüb, orda Azərbaycan qanunları işləmir?
Hörmətli oxucular bilsinlər ki, vəziyyət elə bu cürdür: ASAN-xidmət dövlət qurumu deyil. Baxmayaraq bu idarənin tam adı “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”dir, idarə faktiki olaraq dövlətin tabeçiliyindən çıxmış, dövlətüstü, planetar, qlobal, kosmik, qalaktikalararası orqana çevrilmişdir. Hətta kainatın dərinliklərindəki “Alfa-Omeqa 69" qara dəliyində yaşayan cinbo-bonqo qəbilələrinin nümayəndələri yaşayış yerindən arayış almaq istəyəndə, uçan boşqabı texosmotrdan (guya buna kim əziyyət çəkib ”texniki baxış" deyir, elə ən düzgünü “texosmotr” yazıb dilimizə yeni söz qazandırmaqdır) keçirdəndə və sairə zəruri sənədləşmə işlərində məhz bizim ASAN-xidmətə, onun sədri İnam müəllimə, sədr müavini Nadir müəllimə üz tuturlar. Qəzet vasitəsiylə hər birinə alovlu salamlarımı yetirir, arzu edirəm gələn Ramazanda Topxana meşəsinə kupça versinlər!
Bəli, artıq ASAN-xidmət dövlətçiliyimizin elə bir ekstaz mərhələsidir ki, orda istənilən qanunsuzluq qanun kimi görünür. “Şöhrətin var hər diyarda, ASAN-xidmət, ASAN-xidmət!” - şair Vaqif Vurğun belə yazıbdır. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyində kəndlinin başına turp əksən müstəntiq Xoxan Lombalanski gəlib səni tutar. Ancaq ASAN-xidmətin ərazisində kəsilən başa sorğu-sual yoxdur.
AX (hər dəfə ASAN-xidmət yazanda uzun alınır) dövlətçiliyimizin üzünü hər yerdə ağardır, ona görə orda çalışanların müstəsna azadlıq və hüquqları yaranmışdır. Axı biz Avropa oyunlarına hazırlaşırıq, badımcan-taksilərin üzərindəki yazıya görə 1 il sonra bu oyunlar olacaqdır. Həmin oyunlara gələcək idmançıların sənədlərini, biletlərini, diplomlarını - hər bir kağızlarını AX hazırlamalıdır. AX-ın fəaliyyəti haqda Avropa prezidenti Torbyorn Yaqland müəllimin, o cümlədən, amerikalı konqresmen Cim Kerrinin, azərbaycanpərəst senator Madonna Quliyevanın məlumatı var, həmişə bu haqda hesabatlarında qeyd edirlər.
Mən həm də ona sevinirəm ki, Putin Qərb dövlətlərindən Rusiyaya kənd təsərrüfatı məhsulları gətirilməsinə qadağan qoyubdur. Deməli bizim xiyar-pomidora, Lənkəran kələminə, Quba almasına, Gəncə göyərtisinə, Balakən xurmasına, Nardaran qərənfilinə Moskvada yenidən tələbat olacaqdır. Gəncə ASAN-xidmətində yaradılan YAP təşkilatı üzərinə bu istiqamətdə də böyük yük düşür - yaxşı pomidor yeşikləri qayırmalıyıq, tələbə və gənclər bu işə cəlb edilməlidir, Mikayıl müəllim məktəblərə müvafiq sayda mıx və taxta tədarük etməlidir.
Yazının sonunda onu da qeyd edim ki, mən ASAN-xidməti bu qədər qorxaq zənn eləməzdim. O boyda müharibə apardıq, ancaq bir işçisinin burnu qanamadı. Halbuki, sənədləşmə işlərini səyyar avtobusla birbaşa cəbhə kəndlərində aparsaydılar xalqımız cuşa gələrdi.

Bizə qoşulun