Medianews.az
Quzu kababının təsviri
549 baxış

Quzu kababının təsviri

zamin yeni raz
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi, yanılmıramsa, müxalif fikirli insanların mətbuat konfransı keçirtmək üçün sonuncu məkanı idi. Hakimiyyət onu da möhürləyəndən sonra ölkəmizdə artıq qurd quzu ilə otlayır. Krılovun məşhur təmsili yadınıza gəlirmi? Quzu çayın aşağısında suyu bulandırdığı üçün çayın yuxarısında yaşayan qurd onu yeyirdi. Bax, söhbət həmin qurd və quzudan gedir. Əhvalat bir qədər də “Quzuların susması” qorxu filmini xatırladır. Buffalo Bill Leyla Yunusun dərisini soyur, Hannibal Lektor və Klarissa Starlinq isə hüquq mühafizə orqanlarında çalışırlar, QHT-ləri oğurlamaq əməliyyatında əməkdaşlıq edirlər.
Döyüş qeyri-bərabər şəraitdə, çox zaman qaydasız keçirilir və ilk baxışdan elə görünür ki, uca millətimiz burada məğlubiyyətə məhkumdur. Hətta adam az qalır müraciət yazsın: “Neft borusunu yerə qoyun, təkbətək dalaşaq”.
Ancaq nəyə gərək? Dalaşmaq bütün hallarda mənasız hərəkətdir. Azad insan hər yerdə azaddır. Qul isə hər yerdə quldur. İstər “Ferrari”də gəzsin, istər eşşək arabasında. İstər müstəntiq Lombalanskinin qarşısında dayansın, istər yeni rus çarının. Bir az komfortda problem ola bilər, o da keçib gedən şeydir. Avropalıların indi dünyanın barbar regionlarına cərrah bıçağı ilə yox, pişim-pişimlə yanaşmasının fəlsəfəsi bundadır. Məsələn, rus ayısını dəli edəcəksən, milyonlarla ac insanın yürüşünə məruz qalacaqsan.
Komfort demişkən, Azərbaycanın ən narahat ürəkli insanları bu saat Kürdəxanı zindanında saxlanılır, dünən onlardan biri, gənc NİDA-çı dustaq, gözəl insan Məhəmməd Əzizovun doğum günü idi. Onu təbrik edirəm və üzündəki işığı hər zaman qorumasını istəyirəm.
RATİ-nin bağlanmasına qayıdaq. İndi təşkilatın adındakı “azadlıq və təhlükəsizlik” sözləri bir az ironik görünür. O cümlədən, yapistlərin qeyri-hökumət təşkilatlarına basqınlarının mənası var. Onların qurduğu rejim tələb edir ki, Azərbaycanda “qeyri-hökumət” deyə heç bir şey qalmasın. Hər şey hökumətin olmalıdır. Jurnalistika, partiyalar, vətəndaş cəmiyyəti, teatr və şadlıq sarayları, stadionlar və brifinq salonları, heykəllər və qəbristanlıqlar, ər-arvad çarpayıları və sünnət lojaları - qısası, görünən və görünməyən nə varsa hamısı hökumətə tabe etdiriləcəkdir. “Hamımızın bir vətəni var, bu, Azərbaycandır” şüarının mənası bu idi.
Xarici imperialist dairələrin cavabını da vermişik. Almaniya çökür, ABŞ müstəqil siyasətimizə burun soxmaq istəyirdi, Şimaldan isə günəş doğur. Nəriman Nərimanovun Bakının ən hündür yerlərindən birindəki heykəli indi məğrur görünür. Lazım gəlsə sərhədləri bağlayıb təzədən ruslarla birləşərik. Problem də yoxdur - ruslar artıq prosesə start veriblər. 11-ci ordu gələr, o zaman baxarıq bu imperialist RATİ-matilər nə vəziyyətə düşəcəkdir! Lazım gəlsə yoldaş Lombalanskini təzədən Bərdəyə mer qoymaq mümkündür. Üzr istəyirəm, ispalkom. Mer-zad köhnə söhbətə çevriləcək. İnşallah, Parisə yolumuz da bağlanar, görüb-görəcəyimiz Arbat olar. Lənətə gəlmiş kapitalist avtobusları marşrutdan çıxarılar, təzədən PAZ-a minərik. Necə də gözəl adı var... Yeri gəlmişkən, srağagün Moskvada bu tip sovet avtobuslarının nümayişini keçirdiblər. Nostalji deyil, yaxın gələcəyin fəaliyyət proqramıdır.
Nə qədər ki, quzular susur, həmişə belə olacaq. Ancaq quzuların səsi də elə üsyankar və romantik deyildir. “Məəəə” - vəssalam. Burda dəhşətli nə var ki? Söz düşmüşkən, dünən bir kafe gördüm, onun qabağında guya verilən yeməkləri reklam etmişdilər və “quzu kababı” yeməyinin qabağında... ana qoyunun boynuna sarılmış qıvrım tüklü bir quzu fotosu verilmişdi.
Çox vəhşi yaradıcılıqdır.

Bizə qoşulun