Medianews.az
 Adamların bayramı
569 baxış

Adamların bayramı

zamin yeni raz
Bügünkü bayram münasibətilə bəlkə Bakı Şəhər İcra Hakimiyyəti başçısını təbrik eləmək lazım idi, çünki onun fikrinə görə Azərbaycanda cəmi bir kişi var, o da dövlət başçısıdır. Ancaq belə təhlükəli hərəkətlər eləmək jurnalist üçün ağır nəticələr verər. Bir həmkarımın dəqiq müşahidələrinə əsasən, ölkədə 3 nəfər səni vurub öldürsə, onları heç tutmazlar. Bunlar ölkənin 3 ən böyük şəhərinin rəhbərləridir. Adamın əlində daşdan keçən kağızı var, neyləyə bilərsən?
Ümumiyyətlə, Azərbaycanda kişi-qadın mövzularında yazılan məqalələr həmişə məndə dərin kədərə səbəb olur. Bilmirsən bunlar nə istəyirlər. Biri yazır ki, bütün azərbaycanlı qadınlar maymaqdır, geridəqalmışdır, təhsilsizdir, inkişafın ayaqlarına vurulmuş buxovdur və sairə. O biri yazır yox e, düz demirsiniz, bunun günahkarı kişilərdir, azərbaycanlı kişilər eşşək kimi yeyib ağnamaqdan, qadınları məhv eləməkdən başqa bir işə yaramırlar.
Kim düz deyir? Molla Nəsrəddinin sözü olmasın, əslində hər iki tərəfin haqlı olduğu xeyli detal var. Sadəcə, ilin-günün bu vaxtında, camaatın Marsa uçmağa hazırlaşdığı dövrdə bizimkilərin mağarada dinozavr budu gəmirəndən sonra “toyuq əvvəldir, yoxsa xoruz” diskussiyası aparması dilxorçuluqdur. Belə baxanda, xalqımızın bu gender problemləri ilə bağlı çox yaxşı ata sözü var: “Çobanın könlü olsa, təkədən pendir tutar”. Təkə - keçinin erkəyidir, bunun südü olmur və pendir almaq da olmaz. Burda atalarımız (o cümlədən analarımız - balans yaradaq, üstümüzə çomaqla gəlməsinlər) onu nəzərdə tuturlar ki, əsas məsələ kişi və ya qadın olmaqda deyil. Əsas məsələ könül məsələsidir. Könlün olsa, məqsədin, iradən, mübarizən olsa, hər şey əldə etmək mümkündür. Hətta imkansız şeyləri də etmək olar.
Söz düşmüşkən, bugünlərdə dəyərli yazarımız Rasim Qaracanın “On bir gecə” kitabını oxudum, zövq aldım. Orada məhz bu könül məsələsinə aid bir esse də var idi. Qaraca yazır ki, vaxtilə Qarabağ savaşına könüllülər gedirdilər, onlar həlak oldular, yerdə biz qaldıq - könülsüzlər. Söz oyunu olsa da, gözəl idi.
Azərbaycanlıların arxaik kişi-qadın dartışmalarının əsas cavabı odur ki, biz ilk növbədə adam olmalıyıq, sosial varlıq olmalıyıq, humanist olmalıyıq. Bundan sonra kişi də cəmiyyətdə öz yerini tutacaq, qadın da.
Problemin bir səbəbi isə dağıdıcı, səbəbsiz maksimalizmdir. Bizdə orta sinif yoxdur, o cümlədən orta xətt də yoxdur. Adamlar ya super yaramaz olurlar, ya da super qəhrəman. (İkinciyə az rast gəlinir, təəssüf). “Filan yerin alçağı kimi alçaq, mərdi kimi mərd yoxdur” - bu məsəli Azərbaycanın çox yerləri haqda eşitmişəm. Əgər hakimiyyət kiminsə evini yıxmağı tapşırırsa, sifarişi alan bünövrəni də qazır. Eynilə, mübariz insanlar da hansısa hərəkəti fanatikcəsinə eləyirlər, nəfəs dərmək, dincini almaq, düşünmək söhbəti olmur. Filiosof görünmək üçün yazaq: Azərbaycan düşüncəsiz alçaqlar və düşüncəsiz qəhrəmanlar ölkəsidir. (Mənim bu cümləmin özündə də maksimalizmi gördünüzmü? Azərbaycanlı deyilik!?)
Adətən belə söhbətlərdən sonra deyirlər bəs çıxış yolunu nədə görürsünüz və sairə. Mən çıxış yolu görmürəm, çünki çıxışa heç ehtiyac da yoxdur. Yaşamaq lazımdır, yuxarıda qeyd elədiyim kimi, adam olmaq lazımdır. Yenə Molla Nəsrəddinin fəlsəfi açıqlamalarından misal gətirək. Bir dəfə ondan dünyanın ortasını soruşurlar, dayandığı yerə xətt çəkib deyir buradır. Deyirlər nədən bildin, deyir inanmırsınızsa ölçün.
Sizin və bizim də orta xəttimiz, tarazlıq nöqtəmiz elə dayandığımız yerdir. Baxın görün harda dayanmısınız.

Bizə qoşulun