Medianews.az
“Avroviziya 2026”: kim var, kim yox?
520 baxış

“Avroviziya 2026”: kim var, kim yox?

“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin siyahısı yenilənib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Medianews.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

İrlandiya, İspaniya, Niderland və Sloveniya İsrailin yarışa buraxılmaması tələbi qoyub, Belçika, Finlandiya və İslandiya tərəddüd keçirir, iştirakları gözlənən Ermənistan, Gürcüstan və Polşa hələ qərar verməyib.

2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edilib, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

2025-ci il oktyabrın 13-də əldə olunmuş sülh razılaşması Qəzzada müharibənin dayanmasını nəzərdə tutur.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir. 69 dəfə keçirilmiş müsabiqədə İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun