Medianews.az
ABŞ birinci hansı ölkəni vuracaq:
622 baxış

ABŞ birinci hansı ölkəni vuracaq: İran, yoxsa Venesuela?

ABŞ-ın çoxlu sayda KC-135 və KC-46 yanacaq dolduran təyyarəsini Yaxın Şərqə və Böyük Britaniyaya göndərməsi İrana qarşı yeni hərbi əməliyyata hazırlığın getdiyi qənaətini yaradır. Ancaq bu qədər aşkar hazırlıq ABŞ Prezidenti Donald Trampın siyasətinə ziddir. Tramp daha çox rəqibini çaşdırmağı sevir. İstisna deyil ki, çoxlu sayda yanacaq dolduran təyyarəni Yaxın Şərqə və Böyük Britaniyaya göndərilməklə Tramp administrasiyası İrana qarşı əməliyyat hazırlığı görüntüsü yaratmaq, Venesuelanı qəfil yaxalamaq istəyir.

Rusiyanın son günlər Venesula məsələsinə daha artıq diqqət yetirməsi də göstərir ki, Moskva Trampın Venesuela Prezidenti Nikolas Maduronu devirmək qərarına gəldiyini ehtimal edir. Ötən bazar günü Rusiyanın “qəmgin at” ləqəbli xarici işlər naziri Sergey Lavrov Venesuelanın xarici işlər naziri İvan Xil Pinto ilə telefon danışığının da Moskvanın Karakası xəbərdar etməsi kimi dəyərləndirilə bilər.

Rəsmi məlumata görə, telefon danışığı zamanı Lavrov ABŞ-ın Karib dənizində Venesuela gəmisinə zərbə endirməsini pisləyib. ABŞ-ın Venesuela gəmisinə zərbə endirməsini pisləmək üçün telefon danışığına ehtiyac olduğu inandırıcı deyil. Çox böyük ehtimalla Rusiya xarici işlər naziri səviyyəsində Venesuelanı xəbərdar etmək istəyib.

Əksinə də ola bilər. Mümkündür ki, Tramp administrasiyası İrana qarşı hərbi əməliyyat hazırlığının Tehran tərəfindən görüntü kimi qəbul edilməsinə çalışır. Venesuela ətrafında münasibətlərin gərginləşməsi, Maduronun hakimiyyətdən dinc yolla çəkilməsi üçün aparılan danışıqların dayandırılması da istisna deyil ki, Tehranı çaşdırmağa xidmət edir.

Trampın Ukraynaya “Tomahavk” raketlərinin verilməsi ilə bağlı demək olaraq ki, qərar qəbul etməsi haqqında açıqlaması da iki məqsəd daşıya bilər. Birincisi, Tramp Ukraynaya “Tomahavk” raketlərinin verilməsi ilə bağlı qərar qəbul etdiyini, ancaq bəzi məqamları dəqiqləşdirmək istədiyini bəyan etməklə Rusiyanı gözlənilən İran və Venesuela əməliyyatlarına seyrçi qalmasına çalışır. Ancaq o da istisna deyil ki, Tramp administrasiyası Ukraynaya “Tomahavk” raketlərini verməklə Rusiyanın başını qatmağı da hədəfləyə bilər.

Ancaq bir məsələ tam aydındır. Tramp administrasiyası İran və Venesuela məsələsinin yaxın zamanlarda həll edilməsinin vacibliyini anlayır. Belə demək olar ki, zaman Tramp administrasiyasının əleyhinə işləyir. Buna görə də böyük ehtimalla Tramp çox yaxın zamanlarda İranı və Venesuelanı vurmaq əmrini verəcək. Bu ardıcıllığın necə olacağı isə qarşıdakı günlər, hətta ola bilsin, saatlar ərzində müəyyənləşə bilər.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun