Medianews.az
Abbas Abbasov: Gəncə, Daşkənd, Bakı, Moskva…
501 baxış

Abbas Abbasov: Gəncə, Daşkənd, Bakı, Moskva…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə açılmış cinayət işinin istintaqı çərçivəsində baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verilib.

Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev ev dustağıdır. Bu işin istintaqı çərçivəsində indiyədək azı üç nəfər həbs olunub: AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu). Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci, Vüqar Məmmədov 182.2.4-cü maddəsi ilə təqsirləndirilir. Onların həbs müddəti Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə eyni gündə - 2026-cı il fevralın 13-də başa çatacaq.

Dövlət çevrilişinə cəhd motivinə əsaslanan istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır. Həbs edilənlər DTX-nin istintaq təcridxanasında saxlanılırlar.

Medianews.az bildirir ki, Abbas Aydın oğlu Abbasov 1949-cu il avqustun 4-də Kirovabad (Gəncə) şəhərində doğulub (atası Dağ Qarabağın Malıbəyli kəndindən, anası gəncəlidir).

1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib. Həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972-1973-cü illərdə hərbi xidmətdə olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistanda quşçuluq təsərrüfatında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub.

1991-ci ilin dekabrında Azərbaycan Respublikasının aqrar siyasət üzrə dövlət müşaviri təyin edilib.

1992-ci ildən Azərbaycanın baş nazirinin birinci müavini vəzifəsində çalışıb. 2006-cı ildə baş nazirin birinci müavini vəzifəsindən azad edilib.

1990-1995-ci illərdə parlamentin deputatı olub.

Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib.

Abbas Abbasov Nazirlər Kabinetini tərk edəndən Rusiya paytaxtı Moskvada yaşayır.

2012-ci ildə Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı qurum təsis edib və Azərbaycanda “Milyarderlər İttifaqı” kimi tanınan bu qurumun rəhbəri olub.

Məlumatlara görə, o, 2013-cü ildən Azərbaycana gəlmir.

Medianews.az

Bizə qoşulun