İctimai nəqliyyatdan söz düşəndə göz qabağına ən çox gələn həm də metrodur. Hər gün Bakı metrosundan yüz minlərlə insan yararlanır. Təkcə 2025-ci ilin yanvarında metrodan istifadə edən sərnişinlərin sayı 18 milyon nəfərə yaxın olub. Bu baxımdan son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində və bəzi saytlarda ictimai nəqliyyatda gediş haqqının artırılacağı barədə dolaşan qeyri-rəsmi xəbərlədə metronun adının xüsusi vurğulanması təsadüfi deyil.
Medianews.az bildirir ki, 1967-ci ilin noyabrından istismarına başlanmış Bakı metropolitenində 1992-ci il yanvarın 4-dək gediş haqqı sovet pul vahidi ilə 5 qəpik olub. Sonrakı dövrlərdə sürətli inflyasiya ilə əlaqədar gediş haqqı da qəpiklərdən rubllara qalxıb.
Metroda gediş haqqının milli pul vahidi – Azərbaycan manatı ilə ödənməsinə 1994-cü ilin əvvəlindən başlanıb. Azərbaycan manatı da sürətlə inflyasiyaya uğradığından qiymət ilk vaxtda müəyyənləşdirilmiş 3 manat həddində qalmayıb, 5, 20, 50 manata yüksəlib, ilin sonuna 100 manata çatıb.
Sonralar inflyasiyanın səngiməsi metroda gediş haqqının 10 ilə yaxın sabit - 250 manat dəyərində saxlanmasına imkan verib. O dövr üçün bu, çox ucuz qiymət idi. Hətta dünyanın heç bir yerində metroda gediş haqqının bu qədər ucuz olmadığı qeyd edilirdi.
2006-cı il yanvarın 1-də ölkədə manatın denominasiyası həyata keçirildi. 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. Yeni pulla 1 qəpik köhnə pulla 50 manata bərabər tutulduğundan metroda gediş haqqı 5 qəpik (köhnə pulla 250 manat) oldu. 2006-cı ilin sonunadək sərnişinlərə gediş haqqını həm köhnə, həm də yeni pulla ödəmək imkanı verildi.
2007-ci ilin yanvarından yeni manata tam keçid təmin edildi.
2009-cu ilin oktyabrından metroda gediş haqqı 15 qəpiyə qaldırıldı.
2011-ci ilin dekabrından qiymət 20 qəpik həddində müəyyənləşdirildi.
2018-ci ilin avqustundan metroda gediş 30 qəpik oldu.
2023-cü il fevralın 3-dən gediş haqqı 40 qəpiyə qalxdı.
2024-cü il iyulun 1-dən qiymət yenə 10 qəpik artdı, bir gediş 50 qəpik oldu.
Beləliklə, 1 il 2 aya yaxındır ki, Bakı metrosunda bir gedişin dəyəri 50 qəpikdir.
Üç xətt üzrə işləyən Bakı Metropoliteninin 27 stansiyası var.
Toğrul Əli,
Medianews.az