BP şirkəti "Şahdəniz" (1999) qaz-kondensat yatağından sonra Braziliya şelfində özünün ən böyük neft-qaz yatağını ("Bumeranq" adlanır) kəşf edib.
İqtisadçı ekspert İlham Şaban mövzu ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, Britaniya şirkətinin bu haqda bəyanatını oxuyanda sevindiklərini hiss etmək olur: “Hər halda bu şirkət adını da, sanını da neft-qaz yataqlarının istismarı ilə qazanıb. Yaşıl gündəliyin "beşillik" əvvəl prioritet edilməsi onun gəlirlərinə və mövqelərinə neqativ təsir etsə də, indi görünür ki, əzəli yoluna dönüşü pis başlamayıb.
Braziliyaya gəldikdə isə, bu ölkədə ilk neft ölkənin quru yatağında 1941-ci ilin dekabrından çıxarılmağa başlanıb. 1968-ci ildə Braziliya şelfində kəşfiyyat işlərinə start verilib və 1974-cü ildə ilk dəniz nefti hasil edilib.
Buna baxmayaraq 2007-ci ilə qədər Braziya əsasən nefti idxal edib, çünki ölkənin tələbatı böyük olub: kasıblar çox, sayğac yox, enerji effektivliyi heç sözdə belə olmayan ölkədə başqa cür nə ola bilərdi ki.
Amma ölkənin Atlantik okeanı şelfində bir birinin ardınca açılan yataqları onu 2019-cu ildə dünyanın ən iri 10 neft hasilatçı ölkələri sırasına çıxmasına imkan verib”.
İ.Şabanın sözlərinə görə, hazırda Braziliyada gündəlik olaraq təqribən 3,4 mln barel (ilə 170 mln ton, yəni Azərbaycandan 6 dəfə çox) neft hasil edilir ki, bunun da 2,32 mln bareli dövlətə məxsus "Petrobras" şirkətinin payına düşür. Çıxarılan neftin təqribən 1/4 hissəsi ixraca yönəldilir.
Braziliya Yerin Təki Nazirliyinin son açıqlamasına görə, 2030-cu ilə ölkədə gündəlik neft hasilatının 5 mln barelə qədər (ildə 250 nln ton) artırılması planlaşdırılır.

İ.Şaban qeyd edib ki, 1997-ci ilə qədər Braziliyada neft hasilatı dövlətin monopoliyasında olub və hasilata dair bütün əməliyyatlar “Petrobras” şirkətinin əlində cəmləşib: “Ölkə iqtisafiyyatında neft sektorunun payı 15% təşkil edir. Amma buna baxmayaraq qeyri-rəsmi neftin ölkə iqtisadiyyatına və siyasətinə təsirləri kifayət qədər yüksəkdir.
İnternetdə "Braziliya və korrupsiya" axtarışı verdikdə ilk olaraq neft sektoru önə çıxır. Hətta göstərilir ki, Braziliyada neft sektorunda korrupsiya SİSTEM PROBLEMLİ məsələdir (ölkənin iki prezidentinin neft korrupsiya sxemlərində əli olduğuna dair dünya mətbuatında xeyli material var, hətta hakim partiyanın maliyyələşməsində neftə bağlı maliyyə sxemləri olub).
Bununla belə ölkədə neft biznesində korrupsiyanın azaldılması yönümündə də addımlar atılır. Belə ki, son 10 ildə hökumətin apardığı antikorrupsiya və liberallaşma siyasəti nəticəsində "Petrobras" dövlət şirkətinin neft ayırma zavodlarında, qaz paylama şəbəkələrində idarəçilik funksiyalarına xitam verilib, neft və neft məhsullarının daşınması əməliyyatlarında iştirakı azaldılıb və xarici hasilatçı şirkətlərlə əlaqələr gücləndirilib.
Axırı necə olacaq? Çətindir proqnoz vermək. Çünki bütün Cənubi Amerika "bədbaxt" gündən qurtulmaq yolunu hələ tapmayıb, baxmayaraq ki, dünyanın bu hissəsində ölkələr müstəqilliklərini 200 və daha çox müddət əvvəl əldə ediblər. Onların "bədbəxtçiliyi" ondan qaynaqlanır ki, cəmiyyətin böyük bir hissəsi "solçu"luğa bağlıdır və düşünürlər ki, çox vaxt itirdilər və zamanında SOSİALİST inqilabı edib AĞ GÜNƏ çıxmaq şanslarını əldən buraxdılar. O biri qisim isə hesab edir ki, ən böyük səhvi ABŞ etdi və II Dünya Müharibəsindən sonra Cənubi Amerikanı "bazar iqtisadiyyatı" relsinə tam keçirib öz arxasınca aparmadı.
Beləcə, nə o yanlıq, nə də bu yanlıqdırlar... Kasıb uşaqları hələ də gündə 14-15 saat futbol oynayıb Avropada milyonçu olmaq, “São João” festivalına çıxan gözəllər isə o milyonçularla ailə qurmaq arzusuyla irəliləyirlər”.
Toğrul Əli,
Medianews.az