Heydər Oğuz
01.08.2025, 11:48
296 baxış
Azad
Biz deyəndə ki, rusdilli məktəblər bağlanmalıdır...
Biz deyəndə ki, rusdilli məktəblər bağlanmalıdır, bəzi rusqafalılar elə bilirlər ki, onların gül balalarının təhsilinə paxıllıq edirik. Başa düşmürlər ki, biz əslində onların övladlarının daha yaxşı təhsil almasını istəyirik.
Azərbaycanda rusdilli məktəblərin səviyyəsi ilə əlaqədar elm və təhsil nazirinin dəfələrlə dilə gətirdiyi etiraflar var və mən bir daha onları xatırladıb dəyərli vaxtınızı almaq istəmirəm. Sadəcə bir məqamı vurğulamaq niyyətindəyəm. Rəsmi məlumata görə, Azərbaycanda 360-a yaxın rusdilli məktəb var. Onlardan sadəcə 17-si əməlli-başlı rus məktəbidir. Digər 340 təhsil müəssisəsində isə rus bölməsi var. Rus bölməsi deyiləndə nəyin nəzərdə tutulduğunu bilmirəm. Əgər söhbət rus təmayüllü məktəblərdən gedirsə, özümün yaşadığım kiçik bir təcrübədən sizə danışmaq istəyirəm.
Naxçıvanda təhsil aldığım 5 nömrəli məktəbi, bir də eşitdik ki, rus təmayüllü məktəb ediblər. Hər gün iki dərsimiz rus dilində olacaqdı. Buna ən çox sevinən isə biz şagirdlər olmuşduq. Ona görə yox ki, həmin dərslərdə rusca öyrənəcəkdik. Ona görə ki, biz rus dili dərslərini adətən məktəbin həyətində voleybol və ya futbol oynamaqla keçirirdik. İndi rus dili dərsimiz 2 saata çıxarıldığına görə istədiyimiz idman növünü doyunca oynaya biləcəkdik. Və həqiqətən də elə oldu.
Bir gün direktorumuz Hüseyn müəllim bizi dərs vaxtı küçədə oyun oynayarkən yaxalayanda niyə rus dilinə belə biganə yanaşdığımızı soruşdu. Biz də “Hüseyn müəllim, biz rus dilini kifayət qədər bilirik” deyə cavab verdik. O da bizi imtahana tutdu. Təbii ki, soruşduğu kəlmələrin nə mənaya gəldiyini heç birimiz bilmirdik. Hüseyn müəllim də hirslənərək dedi ki, məktəbi bitirib əsgərliyə gedəcəksiniz. Ruscanı isə bilmirsiniz. Bəs orda nə edəcəksiniz?
Biz də təbii ki, eyni fikrimizi təkrarladıq: “Hüseyn müəllim, əslində biz rus dilini bilirik. Amma 75% səviyyəsində. Sizin soruşduğunuz sözlər isə bizim bilmədiyimiz 25%-ə daxildir".
Hüseyn müəllim bu “özündən müştəbehliyimizə” bərk hirsləndi. Və xasiyyətinə uyğun olaraq bizi cəzalandırdı; qulağımızı açarlarının arasına salıb sıxdı. Biz də canımızı yaxşı qurtardığımızın məmnuniyyəti içərisində sinifimizə yollandıq. Lakın yenə də rus dili dərsinə girmədik.
İllər keçdi və biz rus dilli təmayüllü məktəbi bitirdik. Hüseyn müəllimin bir vaxtlar bizə söylədiyi nəsihət göyərdi. Əsgərliyə getdik. 2 illik əsgərliyimizin hardasa 6 ayını şagirdkən öyrəndiyimiz bir sözlə keçirdik: “İdi, na...”. O sözü isə məktəbdə yox, məhəlləmizdə yerləşən rus hərbi hissəsi ilə dava-qalmaqallarda öyrənmişdik. Digər il yarımı isə əsgərlikdə öyrəndiyimiz təkəm-seyrək rusca sözlərlə idarə etdik.
Amma bir şeyi də etiraf edim ki, rusca bilməməyimiz bəzən işimizə də yarayırdı. Komandirlərin bizə verdiyi əmrləri anlamamağa çalışırdıq və əlimizdə yaxşı bəhanəmiz də var – “rusca bilmirik”. Əmrlər komandirdən yox, yuxarı çağırışçılardan gəlirdisə, dərhal bildiyimiz üç kəlməlik sözdən istifadə edirdik – “İdi, na...”.
Yarım ildən sonra öyrəndiyimiz təkəm-seyrək kəlmələr isə bizə problem yaratmırdı. Çünki əsgəri terminlərlə desək, “dux” dövrümüzü keçirmiş və “dilbilməzliyimiz” sayəsində çıxan davalarda özümüzü sübut etmişdik. Heç kim bizə yaxınlaşıb tapşırıq verməyə lüzum görmürdü.
Əsgərliyi bitirib evə qayıtdıqdan sonra isə rus dili ümumiyyətlə lazımımız olmadı. Çünki artıq SSRİ adlanan imperiya dağılırdı və biz öz ana dilimizdə danışmağa üstünlük verirdik.
Mən indi övladlarını rusdilli məktəbə qoyanları anlamıram. Əvvəla, bizim kimi rusdilli təhsil almağın nə faydası var? İkincisi, axı rəhmətlik Hüseyn müəllim demişkən, indi hərbi xidmətdə belə, bu dildən istifadə etmək zərurəti yoxdur. Dünyanın ən əzazil imperiyasının yer üzündən tamamilə silinməyə başladığı bir zamanda ruslara belə başucalığı gətirməyən bu dil bilgisinin kollektiv şəkildə tədrisi bizim cavanlara nə gətirəcək? Onun yerinə ingilis, fransız və hətta italyan dilli kurslara getməklə daha faydalı nəticələr əldə etmək olar.
Heydər Oğuz
Heydər Oğuz