Medianews.az
Nömrələri yadda saxlayan
273 baxış

Nömrələri yadda saxlayan

zamin yeni razİnternetdə bir video gördüm, cənub rayonlarımızdan hansındasa, deyəsən, Cəlilabad idi, bir nəfər fağır adamı çəkmişdilər, deyərdin yazıq elə rayonun adını daşıdığı Mirzə Cəlilin əsərlərindən “pırt” eləyib ortaya çıxıbdır; bu adamın guya qeyri-adi istedadı varmış: gördüyü bütün maşın nömrələrini yadda saxlayırmış. Maraqlıdır ki, adamın bu fövqəladə qabiliyyəti videoda nümayiş etdirilmədi, əvəzində böyür-başına yığışanlar “bəli, elədir, hətta on il qabaq kiminsə satdığı maşının nömrəsi də yadında qalıb” deyə tərif vurdular. 
Bunun əsas səbəbi o idi ki, həmin adam ümumiyyətlə çətinliklə danışırdı! Hiss olunurdu nitqində, bir az da psixologiyasında kütləvi olmayan cəhətlər var (mən anormallıq yazmıram, çünki hələ bilmək olmaz kim normaldır). Bəzi psixiatrik pozuntularda, misal üçün, autizm, savantizm kimi - xəstələrin unikal yaddaş xüsusiyyətləri ortaya çıxır. Üçrəqəmli ədədləri yaddaşda bir-birinə vurmaq (şahmat üzrə dünya çempionu Mixail Talda bu qabiliyyət varmış), çoxlu gərəkli-gərəksiz informasiyanı yadda saxlamaq kimi. Bunun kinoda örnəyini yəqin hamınız görmüsünüz, baş rolda Dastin Hoffman və Tom Kruzun çəkildiyi “Yağış adam” filmi məhz savantizm sindromundan əziyyət çəkən insanın həyatından bəhs edir.
Bizim videodakı adam isə orta statistik həmvətənimizin, Azərbaycan toplumunun özündən fərqlənən şəxsə uzunmüddətli pis münasibətini əks etdirirdi. Nimdaş geyim, rabitəsiz bir-iki cümlə, kasıbçılıq yağan sima... Çayxana və küçələrdə uzun illər qara kütlənin düşük, sinik, bəzən amansız və qansız nifrətinin, bəzən məzələnməsinin obyekti olmaq - belə insanları həyatda bu tale gözləyir.
Ancaq adamın maşın nömrələrini yadda saxlamaq kimi mənasız qabiliyyəti düşüncəmi tamam ayrı yönə apardı. Birdən yadıma düşdü ki, bizdə belə adamlar əslində çoxdur, sadəcə, çox zaman diqqət eləmirik. Örnək üçün, elə adam var telefon nömrələrini yadda saxlayır, eləsi var gəlib-keçmiş bütün “vorzakonları” tanıyır. Müəllimlər var, hansı şagirdin anasının şuba geyindiyini gecə yuxudan durğuzsan əzbər deyər. Həkimlər var, elmi jurnallardan çox restoran menyularını oxuyub yadda saxlayır. Jurnalistlər tanıyıram, yazısına söz axtarmaq yerinə rayon icra hakiminə girmək üçün deşik axtarır və belə yolları hamıdan yaxşı bilir. Siz də azacıq düşünsəniz ətrafınızda nə qədər belə faydasız “hard-disk” yiyəsi olanlar görərsiniz.
Millət maşın nömrələrini yox, ona gəlinən “nömrələri” yadda saxlamalıdır. Saxlayırıqmı? Yox. Hökuməti guya söyən tarixçi alim elə həmin hökuməti öyən yazıçı dostuna tərif vurursa, xiyar niyə əyri bitməsin? Başımızı o qədər zir-zibillə doldururuq, axırda faydalı bilgilərə yer qalmır.
Bu yaxında facebook sosial şəbəkəsindəki dostlarımdan Savalan Qorqudun bir qeydini gördüm, öz-özümə şoka düşdüm. Çünki bunu unutmuşdum. Savalan bəy yazmışdı ki, Azərbaycanda daşnak-bolşevik cəlladı, əli 31 mart qırğınlarında qanımıza bulaşan Stepan Şaumyanın adına sovet dövründə 2 rayon qoymuşduq. Biri Bakıda, biri kənd yerində. Yaltaqlığın, unutqanlığın, millətə tüpürməyin dərəcəsinə baxın. Heç olmazsa bunun adını bir yerə qoy. Ancaq bu da hamısı deyildi, sonra başqa dostumuz yadımıza saldı ki, Şaumyanın adına Azərbaycanda 2 yox, 3 iri yaşayış məntəqəsi vardı - biri də Stepanakert idi! Üstəlik Bakı daxil olmaqla digər şəhər və rayonlarda Şaumyanın adına küçələr, prospektlər olub, zavod və fabriklər olub. Nömrə budur ey! Oğul deyərəm bunu yadda saxlayasan! Bəlkə SSRİ bir az da qalsa bütün Azərbaycanı Şaumyan Sovet Sosialist Respublikası adlandırardılar, xəbərimiz olmazdı. Biz bu vaxt maşın nömrələrini yadda saxlayardıq.
Bu yazını yadda saxlayın.

Bizə qoşulun