Medianews.az
50 milyon “udan” oğlanın peşmanlığı
559 baxış

50 milyon “udan” oğlanın peşmanlığı

samir sari kose 1
Şit adam elə hər yerdə şitdir. Məsuliyyətsizcəsinə zarafat edirlər, sonra da it peşmanı olurlar. Əvvəldən anlamaq lazımdır ki, pulla zarafat olmaz. Pulun xüsusi cazibəsi, mistikası var, onunla ciddi olmaq gərək.
Bu günə bu gün sözgəlişi birinə, lap uzaq tanışına belə “filan işim alınsın, sənə bir milyon verəcəm” deyərsən, dərhal ona borclu olarsan. Adam vaxtaşırı gəlib yoxlayacaq ki, sənin həmin işin alındımı, alınmadımı, alınmadısa, niyə alınmır. “Filankəs də əlini-qolunu sallayıb oturub, mənim bir milyonumu  vermir” deyə orda-burda gileylənər, bir az həyasız adam olsa, üstünə faiz-zad da hesablayar, qorxmazdırsa, kriminala meyllidirsə, səni girov götürtdürüb zirzəmiyə də saldırar. Halbuki ortada heç bir borc söhbət yoxdur, sadəcə, içkili olmusan, dilindən söz qaçırmısan...
Ona görə də pul-para məsələlərində son dərəcə ciddi olmaq lazımdır ki, Türkiyənin Aydın vilayətində yaşayan gəncin gününə düşməyəsən.
Vilayətin Didim rayonunda yaşayan Əli Çakır adlı bu gənc baməzəlik etmək istəyib, fotomontajla hazırladığı bileti sosial şəbəkədə paylaşaraq “Çek-potu mən uddum” yazıb. Xəbər ictimailəşən kimi ildırım sürətilə vilayəti başına götürüb. Çünki 75 milyonluq Türkiyə xalqı gözünü o uduşa dikmişdi və 50 milyon türk lirəsini kimin udmuş olması ölkənin bir nömrəli mövzusuydu. Allahdan, yeni il gecəsi həyata keçirilən lotereya çəkilişində 50 milyon türk lirəsi udan biletlərdən ikisi Aydın vlayətinin payına düşübmüş. O boyda pulu udan əsl bəxtəvərlər müdrik-müdrik susduqları halda Əli Çakır adlı ortaya çıxıb ki, udan mənəm.
Lap yaxşı. Çox gözəl. Di təbrik zənglərinə cavab ver. Bu sırada orta məktb yoldaşları, məhəllə uşaqları, işlədiyi kollektivlərdən iş yoldaşları, qohumlar, qonşular, əsgər yoldaşları, xülasə, “salam-sağ ol” elədiyi yüzlərlə adam olub. Və bu təbrik zənglərinin heç biri də səbəbsiz deyil, hamısının təmənnası var. Bəs necə? Arkadaş 50 milyon irəli düşüb, iş qurmaq üçün ikicə milyon borc verməzmi? Niyə vermir? İki yüz min də bəsdir. 50 milyonu neynəyəcək? Maşın, ev, dükan-filan alandan sonra 49 milyonu qalacaq. Qohumlarına, dostlarına, yoldaşlarına əl tutsun.
Haydı, Əli Çakır, zənglərə cavab ver. Beləcə, zənglərin arası kəsilmədikcə Əli Çakır başa düşüb ki, özünü zibilə salıb, bunun altından çıxa bilməyəcək. Hələ bunun reketləri, oğruları var, fikirləşirlər ki, yetimin biri bu tərəfdə milyonçu olub, nə etmək lazımdır? Heç nə. Tutub əlindən almaq lazımdır.
Əli Çakır bu variantı da nəzərə alıb, təhlükənin ciddiliyini görüb. Güman ki, zənglərdən biri hansısa reketə məxsus olub və o, Çakıra 50 milyonu bölməyi təklif edib və bildirib ki, əks təqdirdə onu yaşatmazlar.
Bu səbədən hazırda Əli Çakır yeni bir videoçarx yayaraq, üzr istəyir, and-aman edir ki, əslində pul-filan udmayıb, şaka edib. Daha demir ki, vilayətdə yüzlərlə Şakaya pul lazımdır.
Sovet vaxtı bənzər bir hadisə bizim kənddə də olmuşdu. O vaxt qəzet kəndimizə bir qayda olaraq saat 3-dən sonra gəlirdi. M. adlı gənc rayon mərkəzində olarkən qəzet alır, görür ki, ayda bir dəfə oynanılan lotereya oyununun nəticələrinin çap olunub, yoxlayır, görür ki, biletinin böyük nömrələri “Jiquli”yə düşdü, amma kiçik nömrələri yaxın gəlmədi. M. uduşlu lotereyanın kiçik nömrəsini yadında saxlayır, 1 manat udmuş biletini də qoyur cibinə, gəlir kəndə. Saat 3 olur, poçtu gətirirlər. Poçtalyon qəzetləri gətirib kəndin parkının çayxanasında oturanlara paylayır, hamı da cibindən biletini çıxarıb yoxlamağa başlayır. M. yaxınlaşır birinə, öz biletini çıxarır, lotereya yoxlayana deyir, bax, gör mənə nə çıxıb və başlayır “Jiquli” udan biletdəki rəqəmləri sadalamağa. M. uduşlu biletin kiçik nömrələrini deyir. Yoxlayan şəxs qayıdır ki, bay, “Jiquli” uddun. M. tez qəzeti alır, bir öz biletinə, bir qəzetə baxır və qəzeti kənara ataraq, sevincək halda evlərinə doğru qaçmağa başlayır. Bir andaca kəndə xəbər yayılmışdı ki, filankəsin oğlu lotereyada maşın uddu. Söz yox, ertəsi gün bunun məzəli bir zarafat olduğu üzə çıxdı, amma bir çoxları hələ də inanırlar ki, o vaxt M. doğrudan da maşın udmuşdu, amma lotereya biletini baha qiymətə filan varlı adama satdı. (Sovet vaxtı belə bir adət də vardı: varlı adamlar udmuş lotereya biletlərini alırdılar ki, ilişəndə, müstəntiqlər “bu qədər var-dövlət səndə hardandır” deyə soruşanda “lotereyada udmuşam” desinlər).

Bizə qoşulun