Medianews.az
 Hər deputata - bir düyməbasan
407 baxış

Hər deputata - bir düyməbasan

İş ki belədir, qoy hər deputata xüsusi bir düyməbasan köməkçi versinlər və həmin adam zəhmət çəkib gəlib otursun Milli Məclisdə, qanun layihələri müzakirə olunanda pəs səslə şefinə zəng vursun ki, bəs filan qanunu müzakirə edirlər, nə qayırım, o da desin ki, ya “lehinə” səs ver, ya da “əleyhinə”.
 
Əslində heç şefə zəng eləməyə, ona “qanun layihəsinin lehinə səs verim, yoxsa əleyhinə” kimi sual ünvanlamağa da ehtiyac yoxdur. Bizim parlamentdə nə vaxt nəyinsə “əleyhinə” olurlar ki? Hətta olub ki, deputatlar dünənə qədər öpüşüb-görüşdükləri həmkarlarının mandatının alınması və özünün məsuliyyətə cəlb olunması məsələsi səsverməyə qoyulanda belə hamısı sanılı qoz kimi lehinə olublar.
 
Beləcə, yekə bir problem həll oluna bilər. Bəzi intizamlı deputatların canı başqalarının yerinə səs verməkdən qurtarar. Jurnalistlər çəkib yayıblar, aydınca görünür ki, bir çox deputatlar gah sağa, gah sola əyilir, əlini iki metr o tərəfə uzadıb düymə basır ki, yoxa çıxmış həmkarını əvəz eləsin və qanun layihəsi növbəti oxunuşdan keçsin. Baxırsan ki, MM-in plenar iclasında 35 deputat var, amma tablo lehinə səs verənləri 101 göstərir. 
Bu, öz-özünə baş vermir, bunun əziyyətini çəkənlər var. Əslində parlamentin sədarəti hər dəfə plenar iclas başlayanda “zəhmətkeş deputatlar”ın, “axıra qalanlar”ın ünvanına zaldan alqış istəməlidir. Amma hanı? Onların qədr-qiymətini bilənmi var? Hətta eşitdiyimə görə, o cür zəhmətkeş deputatları heç xarici səfərlərə də aparmırlar, eləcə düyməbasan işlədirlər.
 
Əlbəttə, yayılmış video və şəkillər bir sıra demaqoq adamların əlnə dəstəvuz verə bilər ki, legitimliyi şübhə altında olan parlamentin qəbul etdiyi qanunvericilik sənədlərin də legitimliyinə şübhə etsinlər. Ancaq bunun məsələyə dəxli yoxdur. Bizim parlament heç vaxt məsləhətsiz qanun qəbul etməz. Hansısa qanun qəbul edilməzdən əvvəl ali sarayda, əlaqədar nazirliklərdə ruscadan, ingiliscədən qəşəng tərcümə olunur, sonra redaktə edilir, hüquqşünaslar rəy verirlər, ondan sonra parlamentə göndərilir. 
 
Bu, təxminən, bir yeməyin ən əla restoranda bişirilib hazır gəlməsi kimi bir şeydir. Parlament isə sadəcə ona zövqə görə, istiot-duz vurur, məsələ bitir.  Belə hazır sənədə kim düzəliş və ya əlavə edə bilər? Adam deyərlər, qardaş, sən rusdan, ingilisdən, almandan çox bilirsənmi, onlar qanun layihəsini bu cür qəbul edibsə, sən nə karəsən ki, ona milli nüanslar artırırsan? Bu da “Eurovision”durmu ki, çıxış mahnısına mütləq tar melodiyası pərçim olunsun.
 
Mövzuyla bağlı demaqoqluğa rəvac verə biləcək daha bir məqam isə ayda bir ətək para alan deputatların nədən iclasda iştirak etməməsidir və ümumiyyətlə harada olmalarıdır. 
Bu xüsusda detallar var. Ən azı 10-15 deputat həmin vaxt hansısa xarici ölkədə səfərdə olurlar. Onlar dünyaya, Avropaya inteqrasiya etməyimiz üçün böyük əziyyət, hətta zülm çəkirlər, günləri aeroportlarda, təyyarələrdə keçir. Bu üzdən belə deputatlar qanun layihələrinin müzakirəsinə qatıla bilmirlər. 
 
Daha 10-15 deputat ciddi iş adamlarıdır. Olur ki, bizneslərində problem çıxır, onun dalınca düşürlər, MM-in iclası yada düşmür. Baxmayın, hərəsi bir mağara adama çörək verir, onların taleyini sual altında qoyub, hansısa qotur bir qanun layihəsinin müzakirəsinə qatılmaları düz olmaz. O qanun onsuz da işləyəsi andır deyil. 
 
3-5 deputat isə sırf yaşları ilə bağlı iclaslara gəlmirlər. Neyləsinlər, xəstədirlər. Deyəcəklər ki, yaşlıdır, xəstədir, qaxılsın otursun abadanında, namizədliyini verməsin, seçilməsin. Olmur. Xalq tələb edir. Hətta bəzən xalq çox israrla, təkidlə tələb edir. 
 
5-6 deputat da var, sadəcə, məsuliyyətsizdirlər, bir az da hakimiyyətdən incikdirlər, nədirlər, saymazyana şəkildə MM-ə gəlməkdən imtina edirlər. 
 
Ona görə də güc düşür intizamlı düyməbasanların üstünə. Amma onlar da yazıqdırlar axı. Nə qədər düymə basmaq olar? Bəzən bu, yolda qalmış maşını basmaq qədər zəhmət tələb edir.
 
Bu üzdən deputatlara xüsusi düyməbasan köməkçi ştatı ayrılsa, həm iclas zalı boş görünməz, şenlikli olar, həm də qəbul edilən qanunların legitimliyi şübhə altına düşməz.

 

Bizə qoşulun