Aktyor və rejissor Yusif Əlizadə “Yol əhvalatı” filmində oynadığı Fərid rolu ilə tamaşaçılara tanışdır. Amma sənətkar uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Özünün təbirində desək hər işdə işləyib. Aktyorluqdan kaskadyorluq, rejissor asistentinə qədər.

Medianews.az-a açıqlama verən qocaman sənətkar “Arxadan vurulan zərbə” filminin kadrarxası məqamlarını oxucularla bölüşüb.
“"Arxadan vurulan zərbə” filmini rejissor Arif Babayev çəkib. Mən də bu filmdə rejissor asistenti idim. Arif müəllim demişdi ki, “mən kinostudiyada Yusifdən başqa asistent tanımıram, ona deyin gəlsin”. Əhməd Qəmərli rolunu Həsən Məmmədov oynayırdı. Film çəkilib qurtarmışdı, bəzi səhnələri qalmışdı, onları da Şəkidə çəkirdik. Elə oldu ki, Həsən Məmmədov bu rolu səsləndirmək üçün heç cür vaxt tapıb gəlmədi. Filmin məsləhətçisi polkovnik Nofəl Kərimov idi. Bu tip filmlərdə hökmən məsləhətçi olmalı idi. Həsən Məmmədov ikinci dəfə də gələcəyinə söz versə də, səsləndirməyə gəlmədi. Kinostudiyaya zəng etdim. Dedilər ki, “onu buraxa bilmərik, bu dəqiqə ikinci zalda başqa filmdəki rolunu səsləndirir”. Arif müəllimə xəbər verdim. Çox əsəbləşdi. Nofəl Kərimov qabağa gəldi. Məndən harada olduğunu soruşdu və kinostudiyada olduğunu dedim. Nofəl Kərimov öz otağına keçib, “qoratdel”-dəki mayora zəng etdi. Dedi ki, “bu saat götürürsən kapitan Məmmədovu, gedirsən “Azərbaycanfilm” kinostudiyasına, qalxırsan 3-cü mərtəbəyə, keçirsən ikinci zala, Həsən Məmmədovun qulağından qulaqlığı çıxarırsız, bir nəfər bu qoluna, digəri də o biri qoluna girirsiz, kinostudiyadan çıxarıb maşına otuzdurursuz və düz Şamaxı postuna qədər gətirib təhvil verirsiz yol polislərinə, onlar da Ağsu pervalları ilə düz onu gətirirlər Şəkiyə”. Elə də etdilər. Biz Şəki mehmanxanasının qabağında gözləyirdik. Gecə saat 12-nin yarısı idi. Gördük ki, Həsən Məmmədovu gətirdilər. Həsən müəllim gələn kimi rejissora dedi ki, “Arif, orada bir haray-həşir qaldırdılar ki.. Nə olub? Gələcəkdim də”. Həsən Məmmədov çox məsuliyyətli insan idi. Sadəcə onu buraxmırdılar. Bizdən öncə çəkilmişdi, o rolun səsini yazırdı” deyə sənətkar bildirib.

Fotoda Həsən Məmmədov
Yusif Əlizadə bildirib ki, kinostudiyada bir çox problemli məsələlərin həllinə də köməklik edib:
““Azərbaycanfilm” kinostudiyasında yaxşı işçi olmuşam. Filmlərdə ikinci rejissor, rejissor, aktyor və kaskadyorluq etmişəm. Aktyorlar filmdə kamazları bir-birinə vurub əzmişdilər. Kinostudiyanı məhkəməyə vermişdilər. Büdcədə pul yox idi. Haradan gətirib versinlər? Filmin direktoru Nadir Əliyevi get-gələ saldılar. Məsələ həll olunmadı. Mən də ikinci rejissor idim. Heç getməyə də bilərdim. Getdim kamaz şirkətinin rəhbəri ilə görüşdüm. İçəri daxil olanda gördüm ki, mən həmin insanı tanıyıram. Mən o vaxt mexanik işləyəndə, həmin bu direktor təkər salonunda işləyirdi. Yalandan dedim ki, filmin rejissoru mənəm. Götürüb sənədlərə qol çəkdi. Çıxanda da dedi ki, “Nadir, sənədlərə Yusifə görə qol çəkdim, sənə görə yox”. Çox böyük fədakarlıq göstərmişəm. Çox təəssüflənirəm ki, gərək belə olmazdım”.
Əli Əsgər
Medianews.az