Bəzən yemək hazırlayarkən ədviyyatın miqdarı artıq olur və nəticədə yemək həddindən artıq acı alınır. Bu isə yeməyin dadını korlaya və onu çətin yeyilən hala gətirə bilər.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, mütəxəssislər acılığı azaltmağın üç əsas yolunu göstərirlər: yağlılıq, turşuluq və şirinlik.
Məlumata görə, qaymaq, kərə yağı və ya qatıq kimi məhsullar acı bibərin təsirini tez bir zamanda zəiflədir. Xüsusilə şorba, sous və xörəklərdə bu üsul effektiv hesab olunur. Turş dad verən limon suyu, pomidor suyu və ya az miqdarda sirkə yeməyin dadını tarazlayaraq yandırıcılığı azalda bilər.
Eyni zamanda, bir qədər şəkər və ya bal əlavə etmək də acılığı yumşaltmağa kömək edir. Bu üsul əsasən tərəvəz yeməklərində daha yaxşı nəticə verir. Əgər acılıq yenə də qalırsa, yeməyin həcmini artırmaq məsləhət görülür. Məsələn, neytral dadlı qarnir, qatıq əsaslı souslar və ya əlavə tərəvəzlər balans yarada bilər.
Acı marinad olunmuş ət yeməklərində isə marinadı yumaq və yenidən hazırlamaq çıxış yolu sayılır. Tərəvəz yeməkləri şirin dad verən kök, balqabaq və ya kokos südü ilə daha rahat tarazlaşdırılır. Sous və məzələrdə isə yağlılıq artırılaraq dad yumşaldıla bilər.
Mütəxəssislər bildirirlər ki, mətbəxdə edilən səhvlərin çoxu düzəldilə bilər. Duzluluq, quruluq və acılıq düzgün əlavələrlə aradan qaldırılır. Bəzən isə bu cür düzəlişlər yeməyə yeni və daha maraqlı dad qazandırır.