Medianews.az
Hazırda dünyanın neçə ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyır?
1,343 baxış

Hazırda dünyanın neçə ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyır?

Böyük Britaniya, Portuqaliya, Kanada və Avstraliya Fələstin Dövlətini tanıdı. Bu ölkələr Fələstini müstəqil dövlət kimi tanımaq qərarını sentyabrın 21-də verdilər.

Yaxın zamanda Fransa, Belçika, Lüksemburq, Andorra, San Marino və Maltanın da Fələstin Dövlətini tanıyacağı gözlənir.

Medianews.az bildirir ki, hazırda BMT-nin 193 üzvünün 151-i Fələstinin müstəqilliyini tanıyır. Bu addımı atmayan ölkələr arasında İsraillə yanaşı bir çox ölkə, o cümlədən ABŞ, Panama, Kamerun, Finlandiya, Niderland, Monako, Danimarka, Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn, İtaliya, Xorvatiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Litva, Moldova, Myanma, Yeni Zelandiya, Cənubi Koreya, Yaponiya var.

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır. 2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə olub, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun