Kölndən İstanbula uçan AJet aviaşirkətinə məxsus sərnişin təyyarəsi Sabiha Gökçen Hava Limanına eniş etməzdən əvvəl texniki nasazlıqla üzləşib. 
Medianews.az xəbər verir ki, eniş zamanı yaşanan dəhşətli anlar sərnişinlərdən birinin mobil telefon kamerasına əks olunub.
Görüntülərdə kabin heyətinin sərnişinlərə “qəzaya hazır olun” deyə səsləndiyi və təhlükəsizlik təlimatlarını göstərdiyi müşahidə olunur. Sərnişinlərə bir neçə dəqiqə ərzində ölümlə üz-üzə qaldıqlarını bildiriblər.
Hadisə 2 noyabr - bazar günü baş verib. Uçuşun VF-90 nömrəli reysi ilə həyata keçirildiyi və təyyarənin Köln–İstanbul istiqamətində hərəkət etdiyi açıqlanıb.
Texniki nasazlığa baxmayaraq, AJet təyyarəsi Sabiha Gökçen Hava Limanına təhlükəsiz şəkildə eniş edib. Hava limanında təcili yardım və yanğınsöndürən briqadaları ehtiyat tədbiri olaraq hazır vəziyyətdə olublar.
Şirkətin mətbuat müşaviri Mehmet Yeşilkaya hadisə ilə bağlı sosial mediada açıqlama yayıb:
“2 noyabr bazar günü Kölndən İstanbula VF-90 kodu ilə uçan təyyarəmiz enişdən əvvəl texniki problemlə üzləşdi. Bütün prosedurlara əməl edildi və sərnişinlərimizə təhlükəsizlik tədbirləri barədə məlumat verildi. Təyyarəmiz təhlükəsiz şəkildə eniş edib və uçuş heç bir problem olmadan başa çatıb”.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır, nasazlığın dəqiq səbəbləri müəyyənləşdirilir.
Medianews.az