Medianews.az
Hakimlər Komitəsinin sədri dəyişdi -
56 baxış

Hakimlər Komitəsinin sədri dəyişdi - AFFA-da yeniliklər

AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Hakimlər Komitəsinin sədri dəyişdirilib.

Medianews.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəfin da iştirak etdiyi iclasda Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcəyi müəyyənləşib.

Daha sonra sözügedən vəzifəyə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan başqa, Azərbaycanın əsas milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Yığmanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.

Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və struktur dəyşiklikləri qəbul edilib.

Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.

AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər olan Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.

Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.

Bizə qoşulun