Medianews.az
Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlarla nəticələnə bilər -
205 baxış

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlarla nəticələnə bilər - Oftalmoloqdan xəbərdarlıq

Görmə orqanının müəyyən patologiyalarında deksametazon preparatının istifadəsi zəruridir. Bu patologiyalara gözün iltihabi xəstəlikləri, görmə orqanının cərrahi müdaxilədən sonrakı vəziyyəti, allergik dəyişikliklər və digər hallar aiddir. Ancaq preparatın həkim nəzarəti olmadan uzunmüddətli istifadəsi ciddi fəsadlarla nəticələnə bilər.

Bu barədə AZƏRTAC-a açıqlamasında həkim-oftalmoloq Gunay Zeynalova söyləyib.

Həkim bildirib ki, steroid tərkibli damcılar gözdaxili təzyiqin yüksəlməsinə, “Qara su” kimi tanınan qlaukoma xəstəliyinə səbəb ola bilər. Bu zaman pasiyent görmənin bulanıq olması, gözdə qızartı, yaşaxma, işıga baxdıqda rəngli halqaların görünməsi, başda və gözdə ağrıdan şikayət edir.

Onun sözlərinə görə, deksametazonun uzunmüddətli istifadəsi gözdaxili şəffaf büllürda mübadiləyə təsir edərək onun bulanmasına, “Mirvari suyu” kimi tanınan katarakta xəstəliyinə gətirib çıxarır. Bu zaman pasiyent uzağı zəif görməyindən şikayət edir.

Kortikosteroidlər gözyaşı istehsal edən vəzilərə təsir edərək göz səthinin qurumasına və nəticədə quru göz sindromunun inkişafına təkan verir. Bu zaman pasiyentlər gözdə yanma və batma, qumhissi, qızartı, qaşınma və görmənin müvəqqəti bulanıqlaşmasından şikayətlənirlər.

“Bu tərkibli damcılar gözün müəyyən iltihabi xəstəliklərində müsbət təsir etsə də, həm iltihabi proses, həm konyunktivit zamanı istifadə edilməsi qızartı kimi şikayəti aradan qaldırsa da, mövcud xəstəliyin ağırlaşmasına səbəb ola bilər. İltihabi proses törədiciyə əsasən antiviral, antifunqal, antibiotik və s.tərkibli preparatlarla müalicə olunur. Həkim məsləhəti olmadan istifadəsi buynuz qışanın nazilməsinə, deşilməsinə və görmə qabiliyyətinin itirilməsinə yol açır.

Kortokosteroid tərkibli damcılarla müalicə mütləq həkim məsləhəti və təyin olunan sxemlə aparılmalıdır. Bu preparatları xüsusilə hamilələr, uşaqlar, anamnezində qlaukoma xəstəliyi olan pasiyentlər ciddi nəzarət altında istifadə edə bilərlər”, - deyə həkim bildirib.

Bizə qoşulun