Medianews.az
Gənclik unutmasın: texnoloji yenilikləri yaradan onların istehza etdikləri böyükləridir
79 baxış

Gənclik unutmasın: texnoloji yenilikləri yaradan onların istehza etdikləri böyükləridir

Evimizin yanında yeni bir mağaza açılıbmış.

Nə satırlar, konsepti də nədir, bilmirdim.

Dedilər ki, süni intellektdən, texnoloji yeniliklərdən, “Gələcək çox tez gələcək” deyən birinin bu mağaza haqda mütləq və mütləq məlumatı olmalı idi. Bilmədim ki, nə qəbahət iş görmüşəm oranı görməməklə.

İlk fürsətdə gedib gördüm mağazanı.

“Peky” Türkiyənin işçisi, satıcısı olmayan, süni intellektlə işləyən yeni nəsil ilk “checkout-free” – kassirsiz mağazasıdır.

Bura ənənəvi kassaların olmadığı, alış-verişin sistem tərəfindən avtomatik tanındığı və ödənişin çıxışda müştərinin hesabından həyata keçirildiyi konsepti ilə dizayn edilib. Mən də içəri girəndə mağazada nə müştəri vardı, nə də mağaza çalışanı…

Yeni dünyanın yeni mağazalarında görüntünün emalı, buradakı ticari hərəkətləri izləyən texnologiyalar tətbiq olunur ki, müştəri özünü həqiqətən də “gələcəkdə” hiss edir. “Peky”nin öz mobil tətbiqi ilə alacağın şeylərin tanınması və ödənişi çox asanlaşır.

Həftənin yeddi günü, gecə-gündüz açıq olan mağazada:

– kassaya və satıcıya ehtiyac yoxdur;

– müştəri tətbiq və ya giriş sistemi ilə mağazaya daxil olur, məhsulları götürüb qapıdan çıxır;

– alınan mallar kameralar və ağıllı sistem vasitəsilə tanınır, ödəniş avtomatik həyata keçirilir.

İçəridə bir insan övladı olmadı ki, bir-iki sual verim. Mağazadan çıxıb yandakı dükanda çalışan orta yaşlı bir qadına salam verdim. Ağzımı açmağa qoymadan bezdiyini, bura gələnlərin suallarına cavab verməkdən yorulduğunu söyləyərək əlavə etdi: “Əsasən 18-20 yaşlı gənclər gəlirlər, orta və yuxarı yaşlılar belə alış-verişi anormal gördükləri üçün təbii olaraq bura rəğbət göstərmirlər”.

Və mağaza ziyarətimin sonunda şəkil çəkmək istəyəndə qəribə bir mənzərə ilə qarşılaşdım. Gənc bir qız nənəsinin mağazada özünü itirməsinə istehza ilə gülürdü. Nənəm düşdü yadıma, bizim evdə ilk dəfə televizor pultu görəndə təəccüblənməsini, hətta ürkməsini xatırladım…

Evə tərəf addımlayarkən düşündüm ki, bu gənclik unutmasın, indiki texnoloji yenilikləri yaradanlar onların “bəyənmədikləri”, istehza etdikləri böyükləridir. Dünya yarandığı gündən belə olmuşdur və belə də olacaq.

“Peky” ilə gələcək “pek iyi” gələcək…

İbrahim Nəbioğlu,
Türkiyə

Bizə qoşulun