İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ-ın nüfuzlu nəşri The New York Times-i məhkəməyə verməyə hazırlaşır.
Medianews.az xəbər verir ki, buna səbəb qəzetdə İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı işgəncə və cinsi zorakılıq iddialarını əks etdirən geniş araşdırmanın dərc olunmasıdır.
Netanyahu hüquq məsləhətçilərinə qəzet və araşdırmanın müəllifi Nicholas Kristof barəsində “ən sərt hüquqi addımların” hazırlanması ilə bağlı göstəriş verib.
Mayın 12-də yayımlanan araşdırmada İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı təcavüz, cinsi zorakılıq, soyundurularaq axtarış, cinsiyyət orqanlarına işgəncə və təhdid hallarının olduğu iddia edilib. Məqalədə İsrail tərəfindən saxlanılan və ya müxtəlif formalarda zorakılığa məruz qaldığını bildirən 14 fələstinli kişi və qadının ifadələrinə yer verilib.
Araşdırmada danışan şəxslərdən bəziləri həbsdə olduqları müddətdə dəyənəklərlə cinsi təcavüzə məruz qaldıqlarını, çılpaq soyundurulduqlarını və müxtəlif işgəncələr gördüklərini bildiriblər.
İsrail Baş Nazirinin Ofisi isə Netanyahu və Xarici İşlər naziri Gideon Sa'arın “The New York Times” qəzetinə qarşı kompensasiya tələbi ilə iddia qaldırılması barədə göstəriş verdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl The Guardian qəzetində də oxşar iddialar yer almışdı. Həmin hesabatda son üç ildə İordan çayının qərb sahilində fələstinlilərə qarşı ən azı 16 cinsi zorakılıq hadisəsinin qeydə alındığı bildirilmişdi.
Medianews.az