Medianews.az
Əməkdar artist: “Qurban, mən səninləyəm!”
751 baxış

Əməkdar artist: “Qurban, mən səninləyəm!”

Əməkdar artist Bəhram Bağırzadə dekabrın 10-u UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən oyunda Niderlandın "Ayaks" klubuna uduzan “Qarabağ” klubuna və klubun baş məşqçisi Qurban Qurbanova dəstək verib.

Medianews.az-ın məlumatına görə, Bəhram Bağırzadə feysbuk şəbəkəsindəki hesabında yazıb:

“Böyük qələbələrə gedən yol bəzən çətin məğlubiyyətlərdən keçir. Dünənki oyun isə qınaq üçün yox, əməyə və komandanın xarakterinə hörmət üçün bir səbəbdir. Qurban Qurbanov dəfələrlə sübut edib ki, o, təcrübəni gücə, məğlubiyyətləri isə müdrikliyə çevirə bilən bir məşqçidir.

Uduzmağı da ləyaqətlə bacarmaq lazımdır və dünən “Qarabağ” məhz bunu göstərdi. Birinci hissə, sonadək mübarizə - bunların hamısı yolun bir hissəsidir, inkişafın bir hissəsidir, gələcək qələbələrin başlanğıcıdır. Səhvlər keçicidir, amma arzular qalır. Belə anlar komandanı da, məşqçini də daha da möhkəmləndirir.

Mən bu gün də, sabah da, hər zaman Qurban Qurbanovu dəstəkləyirəm. Əminəm ki, qarşıda bizi daha böyük qələbələr gözləyir.

Qurban, mən səninləyəm!”

Medianews.az xatırladır ki, UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin altı turu geridə qalıb. Azərbaycan təmsilçisi “Qarabağ” 7 xalla 22-ci pillədədir. Qalan iki turda “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə evdə, İngiltərənin “Liverpul” komandası ilə səfərdə görüşəcək.

Medianews.az bildirir ki, 7-8-ci turlar 2026-cı il yanvarın 20-28-nə təyin olunub.

Reqlamentə görə, 36 komandalıq yarışda ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Medianews.az

Bizə qoşulun