Medianews.az
Dünya ölkələrindəki UŞAQPULU məbləği ŞOK YARADIR -
87 baxış

Dünya ölkələrindəki UŞAQPULU məbləği ŞOK YARADIR - Deputata CAVAB (VİDEO)

Son 2 gündə ən çox müzakirə olunan mövzu deputat Günay Ağamalının uşaq pulu ilə bağlı dediyi sözlər olub. Deputat ailələrə verilə biləcək uşaqpulunun onları arxayınlaşdıracağına, tənbəlləşdirəcəyinə inanır. Əslində isə uşaq pulunun fəlsəfəsi, onun verilmə mexanizmi tamam fərqli nüanslara əsaslanır. Bu ölkədəki demoqrafik duruma, eləcə də, ailələrin inkişafına yönəlik yardım xarakterli addımlardır.

Azərbaycanda ötən il son 35 ildə ən az uşaq doğulub - təxminən, 81 min nəfər, Statistika Komitəsi açıqlayıb. İstifadəçilərin çoxu doğuşun azalmasını Azərbaycanda həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Doğum sayının azalmasını gənclər arasında pis vərdişlərin, sonsuzluğun artması, qadınların əmək fəaliyyətinin genişlənməsi, doğuş zamanı ana və uşaq ölümlərinin artması kimi amillərlə əlaqələndirənlər də var.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən bəri qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub.

Belə ki, 2025-ci ilin ilk 10 ayında ölkədə 80 802 uşaq doğulub. Yerli media yazır ki, ilin sonuna qədər bu rəqəmin təxminən 95 000 nəfərə çatması gözlənilir.

Bəs digər ölkələrdə uşaq pulu ilə bağlı vəziyyət necə tənzimlənib?

Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.

Küveytdə yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir.

Rusiyada bir uşağa ayda 300 dollar vəsait ödənilir.

Türkiyədə isə 6 yaşdan yuxarı uşaqlar üçün müavinət 38,62; 6 yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir. Gürcüstanda uşaqpulu valideynlərin gəlirlərinə əsasən hesablanır. Əgər hər iki valideynin toplam aylıq gəliri 1000 dollardırsa, bir uşaq üçün ayda 125 dollar ödənilir.

Amerikada 17 yaşadək hər uşaq üçün müavinət ildə 2000 ABŞ dolları təşkil edir. 6 yaşınadək uşaqlar üçün bu məbləğ 3600 ABŞ dolları təşkil edir.

Ən yüksək uşaqpulu verilən ölkələr

Kanada

Kanadada “Canada Child Benefit” proqramı fəaliyyət göstərir.

2025–2026 dövrü üçün:

* 6 yaşdan kiçik uşağa görə illik maksimum 7 997 Kanada dolları (təxminən aylıq 666 dollar)

* 6–17 yaş arası uşağa görə illik 6 748 Kanada dolları (təxminən aylıq 562 dollar)

Məbləğ ailənin gəlirindən asılı olaraq azalır.

Almaniya

Almaniyada “Kindergeld” sistemi mövcuddur.

* Hər uşağa aylıq təxminən 250 avro ödənilir.

* Ödəniş 18 yaşadək, bəzi hallarda isə 25 yaşadək davam edir.

Fransa

Fransada ailələrə uşaqların sayına görə artan məbləğdə yardım verilir.

* 2 uşaqlı ailələr üçün aylıq təxminən 150 avrodan başlayır.

* 3 və daha çox uşaq olduqda ödəniş ciddi artır.

* Aşağı gəlirli ailələr əlavə sosial paketlər də alır.

İsveç

İsveçdə universal uşaqpulu sistemi var.

* Hər uşağa aylıq təxminən 125–150 avro ekvivalentində ödəniş edilir.

* Çoxuşaqlı ailələr üçün əlavə bonus tətbiq olunur.

Norveç

Norveçdə dövlət hər uşağa görə aylıq təxminən 170 avroya yaxın yardım verir.

Finlandiya

Finlandiyada uşağın sayına görə məbləğ artır.

* Birinci uşağa təxminən 100 avro

* Sonrakı uşaqlara daha yüksək məbləğ ödənilir.

Şərqi Avropa və postsovet ölkələri

Polşa

Polşada “800+” proqramı çərçivəsində:

* Hər uşağa aylıq 800 zlotı (təxminən 200 ABŞ dolları) verilir.

Bu proqram Avropanın ən geniş sosial dəstək paketlərindən sayılır.

Rusiya

Rusiyada regiondan və ailənin gəlirindən asılı müxtəlif ödənişlər var.

* Doğum kapitalı proqramı

* Aylıq uşaq yardımları

* Çoxuşaqlı ailələr üçün əlavə subsidiyalar tətbiq edilir.

Digər ölkələr

Britaniyada:

* Birinci uşağa həftəlik təxminən 26 funt

* Digər uşaqlara həftəlik 17–18 funt verilir.

Avstraliyada “Family Tax Benefit” sistemi işləyir.

* Ödəniş ailənin gəliri və uşağın yaşına görə hesablanır.

* Aşağı və orta gəlirli ailələr daha çox yardım alır.

İtalyada isə bir uşaq üçün ayda 138, iki uşaq üçün 258, üç uşaq üçün 375 avro müavinət verilir.

Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Qeyd edək ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.

Özbəkistanda isə 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.

Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 600 manat müavinət verilir. Bu müavinət xaricində, bütün uşaqlara universal aylıq uşaqpulu sistemi tətbiq edilmir. Əgər uşaqpulu ödənilərsə, gənc ailələrə dəstək olar, ailənin uşaq bezi, qida, dərman xərcləri yüngülləşər. Azərbaycanda uşağın aylıq xərcləri yüksəkdir. İşsizlik həddinin 2-6%, yoxsulluq həddinin 3-4%, minimum əmək haqlarının ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilir. Ölkədəki 6-18 yaş qrupundakı uşaqların sayının təxminən 1.7 milyon nəfər olduğunu götürsək, hər bir uşaq üçün aylıq 100 manat müavinət banka yatırılsa, 18 yaşına çatan hər bir uşağın bank hesabında 14 min 400 manat vəsait toplanmış olacaq. Beləliklə gənclər 18 yaşına gəldikdə sıfırdan başlamaq məcburiyyətində qalmazlar.//Musavat.com

Bizə qoşulun