Medianews.az
Dişi çəkilmiş ziyalılar
47 baxış

Dişi çəkilmiş ziyalılar

Belə getsə uca millətimiz Azərbaycan Yazıçılar Birliyindəki vəziyyəti normallaşdırmaq üçün Donald Trampa müraciət etməli olacaqdır. Orada üzvlük haqlarının yığılması barədə qalmaqal sakitləşmək bilmir. Hətta son günlər məcbur olublar, yeni üzv qəbulunu dayandırıblar. Təsəvvür elə, bu dəqiqə zəhmətkeşlərimizdən kimsə zırpı bir roman yazıb ədəbiyyat üzrə Nobel mükafatı alsa AYB üzvlüyünə qəbul olunmayacaq, çünki Anar müəllim qəbula 1 illik moratorium qoymuşdur.

Üzvlük haqlarını 5 ildir ödəməyən və AYB-dən qovulmaq təhlükəsi ilə üzbəüz yazıçıların siyahısından bir varağın jurnalistlərin əlinə keçməsi isə vəziyyəti lap qəlizləşdirdi, çünki orada 1 nəfər rəhmətliyin də adı var imiş. 2020-ci ildə ölsə də, Anar müəllim hazırda ondan üzvlük haqqı almaq fikrindəymiş. Xalq buna tənqidi yanaşsa da, məndə olan məlumata görə, MSK sədri Məzahir Pənahov xeyli gülmüşdür. Necə deyərlər, şərhsiz.
Özü də, mediaya sızan məxfi varaqdakı 58 nəfər yalnız A hərfi ilə başlayan yazıçılar idi. Gör indi əlifbanın o biri hərfləri altında nələ yatır... Yeri gəlmişkən, mən siyahıda “Aleksey Alekseyeviç Saprıkin” adlı yazıçımızın olduğunu gördüm. Bu adam kimdir, məlum deyil, ancaq tam şəkildə, hərfbəhərf uyğun gələn bir nəfər Saprıkin axtarış motorlarında çıxır, o da Bakı Rus Dram Teatrının artisti olub və 2019-cu ildə rəhmətə getmişdir. Böyük ehtimalla hansısa AYB funksioneri ilə dostluq hesabına vəsiqəni əldə edib.

Əlbəttə, ədəbiyyat naziri Anar müəllimin şəxsi müəssisələrinə qarışmaq səlahiyyətimiz yoxdur, sadəcə, üzvlük haqqı verməyən yazıçıları birbaşa repressiya eləsələr tarixi ənənələrə daha uyğun gələr. 1937-ci ildəki kimi. AYB-nin bu sahədə böyük təcrübəsi var. Məsələn, Müşfiqi, Cavidi, Cavadı, Yusif Vəziri üzvlük haqqı vermədikləri üçün təşkilatdan çıxarsaydılar, yəqin Stalin daha tez ölərdi. Yuxarıda yazdığımız səbəbdəki kimi: gülməkdən.

Hamısı, el demişkən, “Teksun”un nəticələridir. Nəsil cırlaşması gedir. Hələ, Allaha min şükür, hökumətimiz qayğı və qanadlarını sənət aləmi üzərindən əsirgəmir, yoxsa hamısı milçək kimi qırılardı. Ziyalılarımız çox mağmınlaşmışdır. Belə olmaz. Bəs hanı sizin kəsici, qaflan və azı dişləriniz? Şair şairin başını istəmək yerinə, üzvlük haqqı istəyir! Ayıb deyilmi? Əlbəttə, intizara ehtiyac yoxdur, prinsipcə, az qalıb, 50-60 ilə biz Anar müəllimdən sonra gələn sədrin caynaqlarını açıq görəcək və bəlkə əvvəlki sədrə şükür edəcəyik. (Ağı ağ, qaranı qara yazmaq borcumuzdur).

Sənət aləmində dövlət qayğısı böyük önəm daşıyır, biz bunu qardaş və qahım Türkiyənin timsalında canlı müşahidə etməkdəyik. Orda günaşırı bir aktyoru, aktrisa və manısı içəri basırlar. Narkotik suçlaması ilə. Halbuki, bizdə AzTV-nin əski diktorunu oxşar vəziyyətdə müalicəyə göndərmişdilər, o da restorandan qaçmışdı. Fərqi, yanaşmanı görürsünüzmü? Orda aktyor həbsə atılır, bizdə isə 20 ildir oynamayan aktyora xalq artisti adı, təqaüd, medal, maşın, arvadına qızıl sep, qızına cehiz, oğluna təsbeh mükafatları verilir.

Ümumiyyətlə, bizim dünyanın başqa yerlərindən müsbət mənada fərqimiz çoxdur. Təzəlikcə bir xəbər gördüm, Konqo futbol komandasının bir azarkeşi haqqında idi. Bütün oyunlarda stadionda ölkənin banisi Patris Lumumba müəllimin xatirəsi şərəfinə heykəl kimi əlini qaldırıb dayanırmış.

Guya böyük işdir. Bizdə çempionat ərzində stadionun içində hərəkətsiz dayanan futbolçular var. Sözün düzü, mən elə “Bütün oyunlarda hərəkətsiz dayandı, gündəm oldu” başlığını ilk görəndə də milli komandamızı zənn eləmişdim, sonra gördüm Afrikadakı azarkeşdən bəhs olunur.

Sözgəlişi, indiki uşaqlar bilməz, bizim AYB üzvləri sovetin vaxtında Lumumbanın hesabına babat qonorar-filan qazanıblar. Ola bilsin, Lumumba AYB-nin fəxri üzvü də seçilmişdi. Üzvlük haqqını isə kənd timsahının yumurtası ilə ödəyirmiş.

Bizə qoşulun