Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iqtisadi və texnoloji risklərin müzakirəsi diqqət mərkəzində olub.
ABŞ-ın "BlackRock" şirkətinin (2026-cı ilin əvvəlinə 14,04 trilyon dollar vəsait var) baş direktoru Larri Fink yanvarın 20-də müzakirə zamanı çıxış edərkən mövcud kapitalizmi və onun artan bərabərsizlik modelini sərt tənqid edib.
Larri Finkın fikrincə, kapitalizmin indiki mərhələsində onun intibahına ehtiyac yaranıb və geniş mənada ictimai etimadın qorunması üçün kapitalizm hökmən inkişaf etməlidir.

Milyarder Fink "maraqlı tərəflərin kapitalizmi" (stakeholder capitalism) ideyasını ortaya qoyur və bunu belə izah edir ki, dünyada kapital axını yalnız elitaların arzuları ilə məhdudlaşmamalıdır - daha geniş təbəqələrin maraqlarını da nəzərə almalıdır.
"İndiki rifah yalnız ölkələrin ÜDM-i və şirkətin bazardakı kapital dəyəri ilə ölçülə bilməz" deyə Larri Fink bəyan edib və Forum iştirakçılarının diqqətini dünyada kapitalın getdikcə daha çox ədalətsiz bölüşdürülməsi hallarının artımasına yönəldib.
"BlackRock" rəhbəri süni intellektin inkişafını indiki kapitalizm üçün əsas sınaq saydığını söyləyib: "Əgər süni intellekt ağ yaxalıqlı işçilərlə qloballaşmanın mavi yaxalıqlı işçilərlə davrandığı kimi davransa, onda buna müqavimət göstərmək vacib olacaq”.
Larri Finkın dediyinə aydınlıq gətirmək istərdim.
"Ağ yaxalıqlılar” dedikdə rəhbər şəxslər, ofis-inzibati heyət və İT mütəxəssisləri, “mavi yaxalıqlılar” dedikdə isə fiziki əmək sahəsində çalışan işçilər nəzərdə tutulur.
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri