55 üzvü olan UEFA-nın ilkin planına görə, Çempionlar Liqasının 2026-2027 mövsümünə 84 komanda buraxılacaq.
Reqlament 80 vəsiqənin milli çempionatların yekunu əsasında əldə olunmasını nəzərdə tutur.
Medianews.az bildirir ki, İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa turnirdə 4, Niderland 3, Portuqaliya, Belçika, Çexiya, Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşa 2, qalan ölkələr (milli çempionatın keçirilmədiyi Lixtenşteyni çıxmaqla), o cümlədən Azərbaycan 1 komanda ilə təmsil olunacaq. Ancaq 2022-ci ildən sanksiya altında olan Rusiya yenə mövsümdən kənar qala bilər.
Yarışda 2 yer 2025-2026 mövsümündə Çempionlar Liqası və Avropa Liqasında qalib olan komandalara veriləcək.
Daha 2 vəsiqə 2025-2026 mövsümündə ən çox əmsal toplamış UEFA üzvlərinə qismət olacaq. UEFA-nın klub reytinqi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
2025-2026 mövsümünün əmsallar cədvəlində İngiltərə (22,291 əmsal) və Almaniya (17,571) öndədir. İspaniya 17,406, İtaliya 17,357, Portuqaliya 16,600 əmsal əldə edib.
Çempionlar Liqasında dörd təsnifat mərhələsi var. Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək.
Azərbaycan çempionunun turnirə birinci mərhələdən başlaması gözlənir.
36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.