Goranboyda döşəmənin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək.
Medianews.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Goranboy rayon İcra Hakimiyyəti başçının birinci müavini, rayon Fövqəladə Hallar komisiyasının sədri Seymur Nazarov bildirib.
Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək:
“Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4-ünvanında yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərinin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb edilib. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib. Sakinlər təxliyə olunub. Təhlükəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işlərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yeni binanın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq”.
Medianews.az