Medianews.az
Boşanmaların səbəbi xəyanət deyilmiş —
78 baxış

Boşanmaların səbəbi xəyanət deyilmiş — Qadınlar o problemə dözmür

Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur və bu məsələ cəmiyyətin ən çox müzakirə olunan sosial problemlərindən birinə çevrilib. Vaxtilə ailələri dağıdan səbəblər daha çox maddi çətinliklər hesab olunurdusa, indi münasibətlərdə sevgi, anlayış, diqqət və etibar çatışmazlığı da əsas faktorlar sırasında göstərilir. Bəzi ailələr maliyyə problemlərinə görə dağılır, bəzilərində isə tərəflər arasında qayğısızlıq, soyuqluq və xəyanət münasibətləri çıxılmaz vəziyyətə gətirir. Sosial şəbəkələrin təsiri, fərqli həyat gözləntiləri və ailədaxili anlaşılmazlıqlar da boşanmaların artmasına təsir edən səbəblər kimi qeyd olunur.

Bəs görəsən, ən çox hansı səbəblərə görə boşanmaqla bağlı hüquqşünaslara müraciət edilir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, boşanmaların kökündə əksər hallarda iqtisadi çətinliklər dayanır:

“Bu gün tez-tez eşidirik ki, boşanmaların səbəbi internetdir, telefonlardır, sosial şəbəkələrdir. Amma məncə, bunlar daha çox əvvəlcədən mövcud olan problemlərin nəticəsidir. Maddi sıxıntılar, ailədaxili gərginlik və sosial problemlər zamanla ailə bağlarını zəiflədir, sonradan isə digər məsələlər ortaya çıxır. Gənc ailələr işlə təmin olunsa, evsizlik problemi müəyyən qədər həll edilsə, aşağı faizli kreditlərdən yararlana bilsələr və həmin kreditlərin ödənişində güzəştlər tətbiq olunsa, bir çox ailə problemlərinin qarşısını almaq mümkün olar. Çünki yeni ailə quran insanlar bütün günü kredit borcunu, kirayə məsələsini, iş problemini düşünəndə bu, istər-istəməz münasibətlərə də təsir edir. Gənc ailələr daha çox ailə münasibətlərini möhkəmləndirməyə, birgə həyatlarını qurmağa fokuslanmalıdırlar”. 

O qeyd edib ki, maddi problemlər ailələrin enerjisini və düşüncəsini tamamilə başqa istiqamətə yönəldir:

“Bu da zaman keçdikcə ailədaxili münasibətlərin zəifləməsinə və nəticədə boşanmalara səbəb olur. Mənə görə, ailə problemlərinin əsas səbəblərindən biri iqtisadi çətinliklərdir. Bu problemlərin qarşısını almaq üçün dövlət və aidiyyəti qurumlar tərəfindən müxtəlif sosial proqramlar həyata keçirilə bilər. İş imkanlarının artırılması, mənzil təminatı, uzunmüddətli və əlçatan ipoteka kreditləri kimi addımlar boşanmaların sayını tam azaltmasa da, ən azından artım tempinin qarşısını ala bilər”.

Bizə qoşulun