Medianews.az
Bloqerlərin paylaşdığı "iş" elanı qızları əxlaqsız platformalara yönəldir—
75 baxış

Bloqerlərin paylaşdığı "iş" elanı qızları əxlaqsız platformalara yönəldir— FOTO-FAKT

Sosial şəbəkələrdə “iş” və "onlayn iş” adı altında yüzlərlə müxtəlif link və təklif paylaşılır. Bu paylaşımlar bəzən geniş auditoriyaya sahib bloqerlər və influenserlər tərəfindən də təqdim olunur və bu da onların daha etibarlı görünməsinə səbəb olur. İlk baxışda sadə və zərərsiz iş təklifi kimi görünən bu elanların arxasında isə çox zaman daha fərqli və ciddi məqamların olduğu üzə çıxır.

Vətəndaş Salman Əliyevin öz "facebook" hesabında paylaşdıqları nəzərdən qaçmayıb.

Paylaşımda deyilir ki, "Tiktok"da bloqerlərin onlayn iş videoları qarşısına çıxıb:

"Bir xanım rəydə yazmışdı ki, "onlayn iş deyib qızları "Sugo"ya yönləndirirsiz". Bu rəydən sonra linkə girib, proqramı yüklədim. Qeydiyyatdan keçən saniyədən etibarən dayanmadan mesajlar gəldi. Qeydiyyatdan keçən qızların real şəkilləri yoxdur. Sadəcə oğlanlara cəlbedici sözlər yazıb, həmsöhbət olurlar və bunun qarşılığında uyğun faiz alırlar".

Medianews.az bildirir ki, İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bildirib ki, Burada məsələ əsasən diqqətsizlikdir:

"Məsələn, Tinder kimi tanışlıq platformalarında tez-tez link göndərirlər ki, “iTicket-dir, bilet al, kinoya gedək”. Sən daxil olanda mütləq ən azı bir hərf fərqli olur. Dizayn kopyalansa da, orfoqrafik və punktuasiya səhvləri olur, reallığı əks etdirmir. İkinci məsələ “direct” və ya maskalanma məsələsidir. Sosial şəbəkədə görünən mətn (məsələn, natiq.az) normal görünür, amma klikləyəndə URL başqa domenə yönləndirir. Xüsusilə Telegram, Instagram və TikTok reklamlarında buna rast gəlinir. Bəzən oxşar domenlərdən istifadə edirlər, məsələn, “demokrat.az” yerinə domen daxilində “o” hərfini “0” rəqəmi ilə əvəz edirlər və ya “iTicket”də “k” hərfini “q” ilə dəyişirlər.

Həmçinin “trekking” metodu da var. Əvvəl normal səhifə açılır, bir neçə saniyədən sonra avtomatik refresh (yenilənmə) baş verir və fırıldaqçıların saytı açılır. Hətta brauzer əvəzinə telefondakı başqa tətbiqlərin açılması da mümkündür. Bu cür saxtakarlıqlar çoxdur. Dizaynı “inspect” vasitəsilə kopyalamaq asan olsa da, diqqətli olduqda orfoqrafik səhvləri və şübhəli məqamları görmək mümkündür".

Sosioloq Elçin Bayramlı məsələ ilə bağlı bidlirib ki, bu kimi sistemlər və saytlar uzun illərdir internetdə, sosial şəbəkələrdə və müxtəlif proqramlar vasitəsilə fəaliyyət göstərir:

"Bu, bir növ virtual və ya kiber dələduzluqdur. “Asan yolla pul qazanmaq” adı altında həyata keçirilən bu fəaliyyət qlobal xarakter daşıyır və bütün dünyada geniş yayılıb. Texnologiyanın inkişafı isə bu cür halların daha da artmasına şərait yaradır.

Təəssüf ki, internet və virtual mühit tam nəzarət olunmadığı üçün burada gizlənmək və qanunsuz fəaliyyət göstərmək daha asandır. Nəticədə bəzi cinayətkar qruplar bu şəraitdən istifadə edərək müxtəlif dələduzluq sxemləri qurur və böyük məbləğlərdə qazanc əldə edirlər. Buna qarşı beynəlxalq səviyyədə mübarizə aparılır, ölkələr arasında əməkdaşlıq mövcuddur. Hər bir dövlətin də öz daxili mübarizə mexanizmləri var.

Azərbaycanda da bu istiqamətdə mübarizə aparılır. Uzun illərdir Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar tərəfindən belə halların araşdırılması və qarşısının alınması istiqamətində tədbirlər görülür. Lakin tam qarşısının alınması mümkün deyil. Çünki bu fəaliyyətlərin əksəriyyəti xarici resurslar üzərindən həyata keçirilir və sistemlər tez-tez dəyişdirilir. Bu da mübarizəni çətinləşdirir. Belə şəraitdə əsas məsuliyyət vətəndaşların üzərinə düşür. İnsanların məlumatlı olması, bu tip tələlərə düşməməsi üçün maarifləndirmə vacibdir. Bu sistemlər daha çox yeniyetmə və gəncləri hədəf alır, onların maraqlarından istifadə edərək “asan qazanc” vədi ilə aldadırlar.

Halal yolla müəyyən məbləğdə gəlir əldə etmək əvəzinə, bəzi insanlar qısa müddətdə daha çox pul qazanmaq ümidi ilə bu riskli yollara yönəlir. Nəticədə isə aldadılma halları artır. Son dövrlərdə “Azerpay” adı ilə təqdim olunan və guya kommunal ödənişlərdə böyük endirimlər təklif edən saxta platformalar, eləcə də yol cərimələrində endirim vəd edən digər sxemlər də buna nümunədir. Təəssüf ki, bir çox vətəndaş bu kimi vədlərə inanaraq aldanır.

Daxili İşlər Nazirliyi uzun illərdir davamlı maarifləndirmə aparır, saxta sxemlər ifşa olunur, təşkilatçılar isə məsuliyyətə cəlb edilir. Hətta onlayn qumar və digər qanunsuz fəaliyyətlə məşğul olan bir sıra şəxslər də cəzalandırılıb. Buna baxmayaraq, vətəndaşların bir qismi yenə də bu tələlərə düşür. Dövlət qurumlarının imkanları isə məhduddur, çünki bu sistemlərin böyük hissəsi ölkə xaricində yerləşən resurslar üzərindən idarə olunur.

Bu səbəbdən problemin həlli üçün kompleks yanaşma tələb olunur. Bir tərəfdən maarifləndirmə işi genişləndirilməli, media və aidiyyəti qurumlar daha aktiv olmalıdır. Digər tərəfdən isə aşkar olunan hallara qarşı sərt hüquqi tədbirlər görülməlidir.

Yalnız bu iki istiqamətin paralel şəkildə həyata keçirilməsi ilə həm ictimai maarifləndirmə, həm də hüquqi məsuliyyət ilə bu problemə qarşı daha effektiv nəticə əldə etmək mümkündür".

Bizə qoşulun