Yol infrastrukturunun ən çox diqqətdən kənarda qalan hissələrindən biri də yeraltı piyada keçidləridir. Şəhərin müxtəlif ərazilərində, xüsusən sıx nəqliyyat axını olan prospekt və küçələrdə yerləşən keçidlər bir vaxtlar piyadaların təhlükəsizliyini təmin etmək üçün inşa edilsə də, bu gün onların vəziyyəti də dəyişib, "təyinat"ı da. Baxımsızlıq, laqeyd münasibət və uzun illərdir aparılmayan təmir işləri nəticəsində yeraltı keçidlər artıq insanların istifadə etməkdən çəkinəcəyi bir məkana çevrilib.

Yeraltı keçidlərin bəzilərində quraşdırılmış hansı eskalatora yaxınlaşırsansa ya tamam işləmir, ya da birtərəfli işləyir. Nəticədə insanlar pilləkənlərdən istifadə etməyə məcbur olurlar. Bu isə xüsusilə yaşlılar, xəstələr və uşaqlı valideynlər üçün çətindir. Biz hələ ağır çantalar, alış-veriş səbətləri ilə pilləkənləri düşüb-qalxmağı demirik.

Yağışlı havalarda problem daha da böyüyür. Leysan vaxtı bəzi keçidlərdə kiçik su gölməçələri əmələ gəlir, döşəmə "buz meydançası"na çevrilir. Belə şəraitdə yıxılıb xəsarət almaq isə an məsələsidir. Məsələn, Bakının mərkəzində - "Qış parkı" ərazisindəki keçiddə vəziyyət aşağı-yuxarı belədir. Bəzən keçidlərdə işıqlandırma da normal səviyyədə olmur - bir çox lampa yanmır, bəziləri də zəif işıq verir. Qaranlıq keçidlər isə piyadalar üçün qorxulu filmləri xatırladır.

Bütün bu çatışmazlıqlar nəticəsində insanlar artıq yeraltı keçidlərdən istifadə etməməyə üstünlük verirlər. Onlar hətta bəzən çox sıx hərəkətli yollarda avtomobil axınını gözardı edərək həyatlarını təhlükəyə atırlar. Bu isə o deməkdir ki, bir çox halda faciə ilə nəticələnən yol qəzalarının başvermə səbəblərindən biri də məhz bu baxımsız keçidlərdir.

Əslində, yeraltı keçidlər şəhərin yol infrastrukturunun göstəricisidir. Təmiz, işıqlı, rahat olan keçidlər təkcə piyadalar üçün təhlükəsiz hərəkət etmək imkanı deyil, həm də şəhər mədəniyyətidir. Lakin bəzi keçidlərdəki hazırkı mənzərə bunun əksini göstərir.

Çoxsaylı müraciətə, sosial mediada yayılan şikayətlərə baxmayaraq, bir çox halda aidiyyəti qurumlar ya səthi təmir işləri ilə kifayətlənir, ya da, ümumiyyətlə, problemə göz yumurlar. Unudurlar ki, yeraltı keçidlərin səliqə-sahmana salınması, eskalatorların təmiri, işıqlandırmanın normallaşdırılması, həmçinin təmizliyin təmin olunması təkcə infrastruktur yox, həm də ictimai təhlükəsizlik məsələsidir.
Nərminə Əsgərova,
İlham Babayev, (foto),
"Azərbaycan" qəzeti