Medianews.az
Bakı təhlükə ilə üz-üzə -
60 baxış

Bakı təhlükə ilə üz-üzə - Binalar bir-bir alışır

Son günlər Bakının müxtəlif ərazilərində bir-birinin ardınca güclü yanğınlar baş verir. Cəmiyyətdə ciddi rezonans doğuran hadisələrdən biri noyabrın 21-də  Yasamal rayonu, Mirəli Seyidov küçəsində qeydə alınıb. Burada çoxmərtəbəli yaşayış binası yanıb. Nəticədə 3 nəfər ölüb, 20 nəfər tüstüdən zəhərlənib.

Noyabrın 22-də Binəqədi rayonu, Mehdiabad qəsəbəsində başqa bir çoxmərtəbəli binada yanğın olub.  

Noyabrın 24-də isə Əhməd Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində yanğın və partlayış baş verib.

Elə həmin gün Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın olub. 

Bəs paytaxtda yanğınların artmasının səbəbi nədir? Təhlükəsizlik sistemlərində çatışmazlıqlar varmı? Məsuliyyət kimin üzərinə düşür?

Texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, çoxmərtəbəli binalarda təhlükəsizlik tədbirləri yaşayış mühitinin əsas komponenti olmalıdır:

“Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin əsas komponentlərindən biri hesab olunur. Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil, həm də insanların düzgün davranışından, texniki stendlərin düzgün işləməsindən və ümumi nəzarətlə formalaşan bir prosesdir. Binanın mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri, havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır. Yanğın siqanalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır. Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyyə olunması üçün təxliyə planları mövcud olmalıdır. Yanğın hadisələrinin baş verməməsi üçün öncədən tədbirlər görülməlidir. Yanğın zamanı insanların həyat və sağlamlığına zərər dəyməməsi üçün görülməli olan kompleks tədbirlər var ki, onlara əməl olunmalıdır”.

Ekspert vurğulayıb ki, bunun üçün ilk növbədə panikaya düşməmək, tüstü olan zonalarda yerə yaxın hərəkət etmək lazımdır. Çünki tüstü hündürlüyə doğru yayılır: “Sürünərək hərəkət etmək zəhərlənmə hallarını minimuma endirir. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq lazımdır, əgər çıxış yolu bağlıdırsa, təxliyə olunmaq mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı,  tüstünün qarşısını kəsməli və balkona çıxaraq kömək gözləməlidirlər.  Tüstü yanğında ölümün əsas səbəblərindən biri hesab olunur, ona görə də yanğın baş verən zaman əsas məsələlərdən biri də tüstüdən qorunmaqdır”.

Orxan Musayev bildirib ki, binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır:

“Çünki burada istilik mənbələri çoxdur. Ancaq ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qadağandır. Bununla belə, qazla istismar olunan hər hansı cihazların da o obyektələrdə istifadəsi qadağan edilib. Yalnız elektrik qızdırıcılardan istifadə icazəlidir. Lakin həmin obyektlərin üst mərtəbəsində yaşayış mövcud olduğuna görə, yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan insanların həyat və sağlamlığını da risk altına atır”.

Ekspertin fikrincə, təhlükəsizlik yalnız texniki məsələlərlə məhdudlaşmır. O bildirib ki, yaşayış binalarının qeyri-yaşayış sahələrində obyektlər olarsa, normativlərə ciddi riayət edilməlidir: “Yanğın törədə biləcək bütün amillər nəzərdən keçirilməli və vaxtında aradan qaldırılmalıdır. Obyekt yanğın siqnalizasiya sistemləri ilə təmin olunmalıdır. Bundan əlavə olaraq, restoranla yaşayış sahəsi arasında izolyasiya sistemləri qurulmalıdır. Tüstünün, qoxunun mənzilə keçməsinin qarşısı alınmalıdır. Əsas vacib məqam ondan ibarətdir ki, təhlükəsizlik təkcə texniki məsələlərdən ibarət deyil, burada həm obyekt sahibinin, həm də sakinlərin diqqəti və məsuliyyəti böyük rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarını düzgün istifadə etmək bu cür faciələrin qarşısını almaq üçün ən uğurlu və düzgün addımlardan biri hesab olunur”.

Bizə qoşulun