ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunmasıyla bağlı təsis etdiyi “Sülh Şurası”na müxtəlif dövlətləri dəvət edib. Donald Tramp üzvlüyün havayı olmadığı qərarına gəlib. Dəvət edilən dövlət “Sülh Şurasına” üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı “Sülh Şurası”na üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün 3 illik möhlət veriləcək.
Tramp artıq dəvətlərini ünvanlara göndərməyə başlayıb. Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük məbləğ olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də “Sülh Şurası”na üzv olmaq istəyirlər. Misal üçün “Sülh Şurası”na üzv olmaq istəyən Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə müsbət cavab verən ölkələr arasında Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər var. Dəvətə hələ cavab verməyən ölkələr də var. Misal üçün Tramp Hindistanı da “Sülh Şurası”nda üzvlüyə dəvət edib. Dehli dəvətə hələ cavab verməyib. Görünür, bunun səbəbi Vaşinqtonun Hindistan məhsullarına tətbiq etməyi planlaşdırdığı yüksək gömrük rüsumlarıdır. İki ölkə arasında ticarət sazişi imzalanmayıb. Əgər bu məsələ müsbət həll olunsa, Hindistanın da “Sülh Şurası”na üzvlüyü istisna deyil. Tramp bəlli səbəblərdən Rusiya və Çinə dəvət göndərməyib.
ABŞ Prezidenti “Sülh Şurası”nın yaradılmasını və müxtəlif ölkələrin üzvülüyə dəvət etməsini İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşdırmayıb və bu ikincinin narazılığına səbəb olub. Misal üçün Benyamin Netanyahu Türkiyənin “Sülh Şurası”na üzv olmasını istəmir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin iştirakının əhəmiyyətini anlayır. Tramp Türkiyəni kənarda saxlasaydı, bu iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəkdi. Türkiyənin “Sülh Şurası”nda yer alması Tel-Əvini Ankara ilə münasibətləri normallaşdırmaq zərurəti yaradır.
Azərbaycanın da “Sülh Şurası"na üzv olması mümkündürmü? “Sülh Şurası”na üzvlüklə bağlı ABŞ Prezidentinin Bakıya məktub göndərdiyi barədə məlumat yoxdur. Halbuki, Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət etmişdi. Vaşinqton bundan başqa Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakını da istəyirdi. Azərbaycan Prezidenti yanvar ayının əvvəlində yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini bildirdi. Buna baxmayaraq, Azərbaycanın gələcəkdə “Sülh Şurası”nda iştirakı mümkündür. Rəsmi Bakının qərarına Tramp administrasiyasının “Sülh Şurası”nın mandatını digər münaqişələrə genişləndirmək və onu BMT-yə alternativə çevirmək ideyasını reallaşdırması təsir edə bilər.
Elxan Şahinoğlu