Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib.
Medianews.az xəbər verir ki, ilkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sözügedən zərərli proqram təminatına yoluxduğu və həmin sistemlərdən 54 min 924 ədəd istifadəçi adı və şifrə məlumatının ələ keçirildiyi bəlli olub.
Hazırda Elektron Təhlükəsizlik Xidməti məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır.
Elektron Təhlükəsizlik Xidməti bildirir ki, əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.
Elektron Təhlükəsizlik Xidməti bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya info@cert.az elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.