Başa çatan 2025-cu il Azərbaycanda həm də siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin birinci müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.
Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır. Yeni model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərarvermə proseslərinə dəstək funksiyalarını icra edəcək. Partiya rəhbərliyi bu addımın siyasi idarəetmədə innovasiya mədəniyyətini gücləndirəcəyini və gələcəkdə digər qurumlar üçün də nümunə ola biləcəyini bildirir.
Başqa partiyalar da bu yeniliyə gedəcəkmi?
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, hazırda Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarda bu cür təşəbbüsə aid rəsmi elan və ya plan olduğu görünmür: "Hadisənin çox yeni olması digər partiyaların reaksiya və cavab təşəbbüslərini hələ formalaşmayıb. Lakin bu, qısa müddətdə dəyişməzlik mənasını daşımır. Azərbaycanın rəqəmsal transformasiya siyasətini nəzərə alsaq, bu cür yeniliklər digər partiyalar tərəfindən də cəlbedici ola bilər.
Digər partiyaların belə bir qərar verməsi bir neçə amildən asılıdır. Əvvəla, innovasiyanın tətbiqi baxımından Azərbaycanda siyasi partiyalar arasında rəqabət məhduddur. Vəhdət Partiyasının bu addımı isə müsbət emosiyalar doğura bilər. Çünki bu qərar Azərbaycan siyasətində rəqəmsal təşəbbüsün ilk addımı kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, ölkəmizdə siyasi partiyaların süni intellektdən səmərəli istifadəsinə beynəlxalq təcrübə də təsir edəcək. Məsələn, Yaponiyada süni intellekt partiya sədri seçilib.
Bu prosesə etik və hüquqi maneələr isə mənfi təsir göstərir. Bu isə qanunvericiliyin sürətlə təkmilləşdirilməsini tələb edir. Bundan başqa siyasi qərarlar insan faktorunu tələb edir. Həm də partiyalar üçün süni intellektə inteqrasiya heç də ucuz başa gəlməyəcək. Bu isə prosesi yubadacaq. Lakin bunun reallaşmasına süni intellektlə bağlı ölkənin ümumi strategiyası dəstək verə bilər.
Nəhayət, bizim üçün bu məsələyə ictimai reaksiya da qeyri-müəyyən olaraq qalır. Dünya sosial mediasında süni intellektin siyasətdəki rolu haqqında ümumi narazılıqlar var. Lakin konkret Azərbaycan kontekstində müzakirələr olduqca zəifdir. Bütün bunlar partiyaları gözləməyə vadar edir".
Ədalət, Hüquq və Demokratiya partiyasının baş katibi Niyaməddin Orduxanlının sözlərinə görə, ən müasir texnologiyanın inkişafı və tərəqqisi dövrün və zamanın tələbidir: " Texnologiya durmadan inkişafdadır. Bu, təbii bir prosesdir.. Ancaq bu gün sini intellektin ortaya çıxardığı faktlar və reallıqlar 100 faizi təmin etmir. Faiz nisbətini götürəndə bu rəqəm 90-95 faizi əhatə edir. Yeni süni intellekt 100 faizi əhatə etmir. model partiya fəaliyyətində hansı yeniliklər ortaya qoya bilər? Qərarların qəbulunda, proseslərın dəstəklənməsində verdiyi tövsiyələr və ya icra olunmasında nə kimi mühüm rol oynaya bilər? Bəzən uyğun olmayan fikirləri süni intellektdən eşidirik. Burada söhbət süni intellektin özünün informasiya əsasında düşündüyü mülahizədən və yanaşmadan gedir. Ona görə də düşünürəm ki, insanın özünün düzgün və doğru qərarının qəbul etməsi məqsədə uyğundur. Bizim partiyanın rəhbərliyində uzun illərin peşəkar siyasətçiləri, elm adamları fəaliyyət göstərir və kifayət qədər bizim kadr potensialımız var və bu gün bu cür qərarların qəbul olunmasına ehtiyac duymuruq. Siyasət peşəkar insanların fəaliyyət sahəsidir".