Ötən il Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı təşkil olunub.
Medianews.az bildirir ki, bu barədə Vəkillər Kollegiyasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 06.07.2025 və 28.11.2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. İl ərzində isə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.
Nəticə etibarilə, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb. Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.
Kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.
Onu da qeyd edək ki, 2018-2025-ci illər ərzində VK üzvlüyünə qəbul olunan 2 156 şəxs müxtəlif dövlət və özəl qurumlarda fəaliyyət göstərib.
Rəqəmlərlə göstəricilər:
– Özəl sahə: 1 227 nəfər
Dövlət qurumları:
– Prokurorluq: 58 nəfər
– Polis: 105 nəfər
– Ədliyyə: 80 nəfər
– Məhkəmə: 370 nəfər
– Hakimlər: 96 nəfər
– Digər dövlət qurumları: 220 nəfər
Bildirmək istərdik ki, Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun Ədliyyə Akademiyasında martın 17-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 129 vəkilliyə namizədlə, aprelin 30-da 105 vəkilliyə namizədlə, iyunun 11-də 88 vəkilliyə namizədlə və noyabrın 20-də isə 65 vəkilliyə namizədlə görüşü keçirilib. Görüşlərdə çıxış edən sədr namizədlərə uğurlar arzulayıb, təlimlər zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini bildirib.
Bundan başqa, hesabat ilində VK-nın təşəbbüsü ilə vəkilliyə namizədlər üçün vəkil qurumlarının rəhbərləri və nümayəndələri tərəfindən büroların təqdimatı olub. Məqsəd Ədliyyə Akademiyasında icbari təlim keçmiş namizədlərin büro seçimini könüllü həyata keçirməsidir. Təqdimat zamanı vəkil qurumlarının rəhbərləri və nümayəndələri namizədlərə öz bürolarının fəaliyyəti, keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi barədə məlumatlar veriblər. Həmçinin onlar hüquqi yardımın təşkilində və peşəkar etik davranış prinsiplərinə riayət olunmasında vəkilliyin vacib rolunu vurğulayıblar.
Hesabat ilində Rəyasət Heyətinə 1 556 şikayət daxil olub. Bunlardan 162 (11 %) müraciət üzrə intizam icraatı başlanılıb (10 müraciət bir icraatda birləşdirilməklə), 1 394 (89 %) müraciət üzrə isə intizam icraatı başlanılması üçün əsas müəyyən edilməyib. İntizam icraatı başlanılan 162 müraciətin 114-ü (71 %) fiziki və hüquqi şəxslərdən, 46-sı (28 %) dövlət orqanlarından, 2-si (1 %) isə qeyri-dövlət orqanlarından daxil olan müraciətlərdir.
Vəkillərin İntizam Komissiyasının icraatında 190 intizam işi olub, onlardan 38-i (20 %) 2024-cü ildən qalıq qalan işlər, 152-si (80 %) isə 2025-ci ildə daxil olan işlərdir.
Vəkillərin İntizam Komissiyasının 15 iclası keçirilib. 190 intizam işindən 161 iş üzrə (85 %) müvafiq rəylər qəbul edilib, 25 iş üzrə (18 %) icraata xitamla bağlı VK Rəyasət Heyəti qarşısında məsələ qaldırılıb, 4 iş (2 %) isə hələ icraatda olmaqla araşdırması davam etdirilir.
Müvafiq rəy qəbul edilən 161 işdən 117 iş üzrə (73 %) pozuntu müəyyən olunub, 13 iş üzrə (8 %) pozuntu müəyyən olunmayıb, 31 iş üzrə (19 %) isə hüquqi qiymət verilməsinin mümkün olmaması nəticəsinə gəlinib.
2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169 qərar qəbil edilib. Onlardan: İntizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21 %), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21 (12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına görə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə 40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20 %).
2025-ci ildə Vəkillərin İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy qəbul edilən və VK Rəyasət Heyəti tərəfindən hələ müvafiq qərar qəbul edilməyən iş sayı isə 21-dir.