Cari ilin 9 ayının nəticələrinə görə, Azərbaycanın dövlət büdcəsinin icrası zamanı 4 milyard 474.2 milyon manat profisit yaranıb.
Bəs bu, nəyin hesabına yaranıb?
Maliyyə Nazirliyinin açıqlamasına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat, xərcləri isə 24 milyard 668,2 milyon manat təşkil edib.
Amma bu ilin dövlət büdcəsi proqnoz edilərkən onun xərcləmələri 41 milyard manat hesablanmışdı və büdcə kəsiri də 3 milyard manat idi. Yəni hər şey proqnoza uyğun getsəydi (aylıq stabil göstəricilərlə), indi dövlət büdcəsinin xərcləmələri 31 milyard manat ətrafında olmalıydı, büdcə kəsirinin həcmi isə təqribən 750 milyon manat.
Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 12455,8 milyon manat (ümumi daxilolmaların 42.7%-i) təşkil edib.
Dövlət Neft Fondundan büdcəyə 10860,7 milyon manat vəsait köçürülüb (büdcə daxilolmalarının 37,3%-i).
Maliyyə Nazirliyi neft-qaz sektoru üzrə dövlət büdcəsinə nə qədər vəsait köçürüldüyünü açıqlamayıb.
Ümumiyyətlə, hökumət 2015-ci ildən sonra (iqtisadiyyatın kəskin çöküşü) neft və qaz gəlirlərini özünün hesabatlarında qabartmamağa çalışır, müəyyən məqamlarda onun üzərindən sükutla keçir, əvəzində isə qeyri-neft sektoru üzrə müsbət məlumatları pozitiv ruhda cəmiyyətə çatdırır.
Bəs niyə belə edir? Fikrimcə, iki məqsəd ola bilər: cəmiyyəti psixoloji baxımdan post-neft dövrünə hazırlamaq və göstərmək ki, çar Rusiyası dövründən "qara qızıl"la inkişaf edən Azərbaycan artıq neftsiz də yaşaya bilər, bundan təşviş keçirmək lazım deyil.
Bəs cəmiyyət nə düşünür? Sosial şəbəkələrdə səslənən fikirləri ümumiləşdirsək, cəmiyyət deyir ki, "biz onsuz da çoxdan neftsiz yaşamağa öyrəşmişik, məmur təbəqəsi hələ ki, özlərinin gün-güzəranını neftsiz hesab etmir". Yəni açması odur ki, cərimə, tarif, aksiz, vergi yükünün artımı ilə xariqələr yaratmaq mümkünsüzdür, iqtisadiyyatın qeyri-neft sektorunda da 31 il əvvəl neft müqavilələri üçün tətbiq edilən "pay bölgüsü" tipində bir aydın yanaşma olmalıdır...
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri