Məlum olduğu kimi, sentyabrın 14-də Xankəndi şəhərində 1967-ci il təvəllüdlü Karen Avanesyan ad-soyadlı şəxs tutulub. O, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndidə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb. Bu zaman K.Avanesyan üç əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) birgə cinayət işinə başlayıb, əməliyyat-istintaq tədbirləri aparılır.
Medianews.az məsələ ilə bağlı Birinci Qarabağ müharibəsinin tanınmış veteranı, polkovnik-leytenant İlham İsmayıldan müsahibə götürüb.

1957-ci il təvəllüdlü İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında xidmət edib. Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin şöbə rəisi olub. İlham İsmayıl 1990-1991-ci illərdə Gəncəbasar bölgəsinin erməni işğalından azad olunması əməliyyatlarının ən fəal iştirakçılarından olub, həmçinin Ermənistanla sərhədin bəzi hissələrində döyüşüb. 1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olan İlham İsmayıl təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır.
- İlham bəy, Karen Avanesyanla bağlı xəbər yayılan gün Moderator.az saytına açıqlamanızda iki versiya irəli sürmüsünüz. Üzərində dayandığınız əsas versiya isə Avanesyanın Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) agenti olması, elə həmin idarənin də tapşırığını yerinə yetirməsi versiyasıdır. Qeyd etmisiniz ki, Rusiya xüsusi xidmət orqanlarının “yatmış agent”ləri olur, belə agentlər səbirlə gözləyir, düymə basılanda isə fəaliyyətə keçir. Əgər Karen Avanesyan Rusiya xüsusi xidmət orqanlarının, konkret desək, QRU-nun agentidirsə, bunu üzə çıxarmaq, sübut etmək mümkün olacaqmı?
- Karen Avanesyanın QRU-nun, ümumiyyətlə Rusiya xüsusi xidmət orqanlarının agenti olması mümkün versiyalar içərisində ən çox ehtimal olunanıdır. İstintaq-əməliyyat tədbirləri zamanı Avanesyanın mümkün əlaqələri, rabitə vasitələri araşdırılacaq, şübhəli əlaqələr saf-çürük ediləcək. Bu əlaqələrin içərisində onun kənardan idarə edildiyi təsdiq olunarsa, Avanesyan etiraf etməli olacaq. Yox, əgər Avanesyan bu əməli sırf öz üzərinə götürərsə, öz təşəbbüsü ilə, qisas məqsədilə hazırlaşdığını deyərsə və əlavə sübutlar olmazsa, onun xarici dövlətin agenti olduğu sübuta yetirilməyə də bilər. Təbii ki, bunu xarici dövlətin heç bir xüsusi xidmət orqanı da etiraf edəsi deyil.

- QRU bir qayda olaraq “yatmış agent”lərini nə zaman işə salmaq qərarına gəlir? Əgər Karen Avanesyan QRU-nun “yatmış agent”lərindən biridirsə, onda ondan istifadəyə qərar verilməsi nələrin göstərici sayıla bilər? Bunu həm də QRU-nun əlacsızlığının, necə deyərlər, “saman çöpü”ndən yapışmasının bir əlaməti kimi yozmaq olarmı? Yəni belə düşünmək olarmı ki, QRU-nun başqa təsir vasitələri, rıçaqları əldən çıxıb, ona görə Karenləri “oyatmaq” məcburiyyətində qalıb...
- “Yatmış agent” bəzən illərlə gözləməli olur. Konkret indiki situasiyada bir sıra məqamlar var ki, agentə fəaliyyət üçün tapşırıq verildiyi ehtimalını doğurur. Həmin məqamlar sırasında Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyi, Azərbaycanla Ermənistanın Rusiyanın iştirakı olmadan Vaşinqtonda sülh sazişinin mətnini paraflamasını, Rusiyanın isə bu prosesin son mərhələsinə – sazişin imzalanmasına imkan verməmək niyyətində olmasını, Azərbaycanla Ermənistanı təzyiq altında saxlamağa cəhdlər etməsini, Qarabağ separatçılarının Ermənistanda yenidən ayaqlanması üçün, tutalım, Avanesyan kimi bir tipin törətdiyi hadisə ətrafında yeni “qəhrəman mifi” düzəltməyə ehtiyac duymasını, beləliklə, beynəlxalq aləmə Qarabağ probleminin həll olunmadığı fikrini aşılamaq istəməsini qeyd etmək olar.
O da mümkündür ki, Avanesyan öz kuratorları qarşısında Azərbaycanı tərk etmək tələbləri irəli sürüb. QRU və ya digər xüsusi xidmət orqanı isə buna Qarabağı tərk etməzdən əvvəl istənilən bir təxribatı törətməsi müqabilində razılıq verib. Burada Azərbaycan Prezidentinin həmin gün Qarabağda səfərdə olması da çox vacib məqamlardan biridir. Bəli, QRU-nun Azərbaycan daxilində təsir imkanları əvvəlki illərlə müqayisədə xeyli daralıb, ona görə də istənilən variantdan istifadə etməklə təxribat yaratmağa cəhd göstərdiyi istisna deyil.

- “Yatmış agent”ləri “oyanmamış” ifşa etmək çoxmu çətindir?
- “Yatmış agentlər” o müddətdə fəaliyyətsiz olur, yəni tapşırıq almırlar. Bu üzdən onları əvvəlcədən ifşa etmək çətin olur. Amma yenə də kompleks əməliyyat tədbirləri həyata keçirilərkən hansısa əlamətlər “yatmış agent”in izinə düşməyə imkan verə bilər.
- Karen Avanesyanın Ermənistanda “qəhrəman”a, yoxsa “anti-qəhrəman”a çevriləcəyini gözləyirsiniz? Yoxsa bu hadisə Ermənistanda kriminal xronikanın sıradan bir xəbəri kimi keçib gedəcək?
- Rəsmi İrəvan Avanesyanın hərəkətini təqdir etmir, çünki Azərbaycanla sülh müqaviləsinin imzalanmasına çalışır. Ermənistanda Nikol Paşinyan hökumətinə müxalif olan qüvvələr isə Avanesyanın davranışını guya Qarabağda qalmış ermənilərin təhqir hədəfinə çevrilməsi, onun da buna dözməyib qisas almaq qərarına gəlməsi kimi qələmə verməyə çalışırlar. Bir də ki, ondan “qəhrəman” və yaxud da “əzabkeş” düzəldilməsi heç nəyi dəyişəsi deyil. Bu, doğrudan da bir müddət Ermənistanda kriminal xronikanın sıradan bir xəbəri kimi keçə bilər. Hər halda mən inanmıram ki, bu məsələlər üzərində uzun müddət dayanılsın.
Nailə Qasımova, 
Medianews.az