ABŞ Prezidenti Donald Tramp Danimarka Krallığına məxsus olan Qrenlandiyanı işğal etməyi planlaşdırır.
Bir NATO ölkəsinin digər bir üzv ölkəyə məxsus ərazini işğal etməsi bu alyansı formal quruma çevirə bilər. ABŞ Prezidentinin bu siyasəti NATO-nun nüfuzdan düşməsinə və rəqibləri qarşısında zəifləməsinə gətirib çıxara bilər. Həmçinin ABŞ və Avropa İttifaqı arasında siyasi böhran yaratmaqla Qərb alyansının parçalanmasına yola açar.
ABŞ Avropa İttifaqına məxsus ərazini güc yolu ilə öz torpağına qatsa, Avropa Amerikanın təhlükəsizlik çətirindən imtina edəcək.
Göründüyü kimi, Rusiya və ABŞ prezidentləri ortaq siyasi xəttə malikdir: hər ikisi Avropa dövlətlərinin ərazisinə göz dikib.
Baş verənlər Çin və Rusiyanı cəsarətləndirə və qonşularına qarşı yeni hərbi əməliyyatlar keçirmələrinə stimul verə bilər. Onsuz da Rusiya Ukraynaya hücum edəndə planlarından biri NATO-nu parçalamaq idi.
Qrenlandiya adası NATO mühafizə zolağındadır. ABŞ burada öz geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə artıra bilər. Amma Qrenlandiya adasını güc yolu ilə Danimarkadan alacaqsa, bu, beynəlxalq hüququn çöküşü və ABŞ-Avropa müttəfiqiliyinin sonu demək olacaq.
Təbii ki, baş verənlərdən məmnun tərəf Rusiya olacaq. Artıq Rusiya keçmiş postsovet məkanının və Şərqi Avropanın öz nüfuz dairəsi kimi tanınmasını siyasi gündəmə gətirir. ABŞ Qərb yarımkürəsini öz təsir zonası elan etdiyi kimi, Rusiya da keçmiş SSRİ ərazilərinin onun təsir dairəsi kimi tanınmasına çalışacaq. Amma Rusiya ABŞ deyil, Çin Rusiyanın bu siyasəti ilə razılaşmayacaq. Rusiyanın yeni dünya siyasi nizamında rolu olmayacaq.
ABŞ beynəlxalq nizamı özü qurur və Qərb yarımkürəsini nizama saldıqdan sonra Rusiya və Çinin Avrasiyada təsirlərini zəiflədə bilər.
Məhəmməd Əsədullazadə,
siyasi ekspert