“Ermənistan polis dövlətinə çevrilib, təəssüf ki, ölkədə demokratiya yoxdur”.
Medianews.az xəbər verir ki, bunu “California Courier” qəzetinin baş redaktoru, ictimai xadim Arut Sasunyan deyib.
“Son bir neçə ildə dinc etirazçılara qarşı polis tərəfindən dəfələrlə kobud güc tətbiq edilməsinin şahidi olduq. Ermənistan hakimiyyəti daim demokratiyadan danışır, cəmiyyətdə dözümsüzlük və düşmənçilik mühiti yaradır”, – Sasunyan bildirib.
O təəssüflə qeyd edib ki, Ermənistan hakimiyyəti elementar insani normalardan məhrumdur və həlak olmuş hərbçilərin valideynlərinə qarşı kobud güc tətbiq edir: “Bununla yanaşı, hakimiyyət ictimaiyyətin diqqətini bütün neqativ hallardan yayındırmaq üçün müəyyən fəndlərə əl atır. Bu günlərdə təşkil olunan Uşaq Eurovision yarışmasının açılış şousu, eləcə də şəhərin bayram bəzəyi məhz cəmiyyətin diqqətini yayındırmağa yönəlib. Ümumerməni Forumu kimi irimiqyaslı tədbirlər təşkil olunur və bunun üçün 700 min dollardan çox pul xərclənib. Ağır vəziyyətdə olan ölkə üçün bu ağlasığmaz məbləğdir.
Hakim elita pulu küləyə xərcləyir, hiylə və yalanlara əl atır. Hamısı hakimiyyəti əldə saxlamaq üçündür və onları milli maraqların qorunması düşündürmür”.
Sasunyan deyib ki, hakimiyyətin bəyanatlarının heç bir dəyəri yoxdur, çünki hər bir söz yalandır: “Bu insanların nə vicdanı, nə də şərəfi var. Ölkə polis dövlətinə çevrilib, bu demokratiya deyil. İnsanlar artıq buna dözməməli, küçələrə çıxmalı və qəti etirazlarını bildirməlidir”.
Zəfər