Bir insanın gözündə başqasını ilahiləşdirən, ona baxdığı anda ürək döyüntülərini şiddətləndirən, onun qarşısında ruhən diz “çökdürüb”, duyğusal baxımdan yüksəldən, o anda öz adını belə unutduran, “getmə gözümdən – gedərəm özümdən” prinsipi ilə yaşamağa məcbur edən, gündüzlər bir yana, gecələrini də əlindən alan, gözlərini yumanda da, açanda da onu görməsini hiss etdirən duyğuya EŞQ deyilir. “Atadan, anadan yar şirin olur, ay balam!” – mahnı sözlərini, Aşıq Ələsgərin “Anam sənə qurban ay sarı köynək” misrasını xatırlayaq.
Milyonlarla şeirlərin, sənət əsərlərinin, dava-dalaşların, intiharların və yaşamın müəllifi – odur. Psixoloqlar bu qənaətə gəlmişlər ki, bütün istedadlı insanlar aşiq olmaq “bəlasından” yan keçə bilmirlər! Çünki eşqə düşmək – hisslərin dərinliyi və aktivliyi ilə bağlıdır. Eşq – xəyali həzz və stress mənbəyi olduğundan, məhz güclü duyğular ona doğru can atırlar. Eynən cavanlar meqapolisə can atdıqları kimi. Çünki orada heyrətlənmələr, sürprizlər, həzzlər, stresslər, əyləncələr və sair var.
Əslində, beyində eşqdən alınan həzzlə – əla yeməkdən, gözəl musiqidən, möhtəşəm mənzərədən alınan həzz nöqtəsi eynidir. Bir sıra adamlar həmin nöqtənin – mərkəzin təmin olunması üçün alkaqola, narkotikaya və sairə meyllidirlər. Eşq zamanı, hipotalamus yaxınında yerləşən həmin mərkəz ətrafında induksiya yaranır. Yəni, həddən artıq dəyər vermə başlanır ki, bu da baglılığı ön plana çəkir. Bağlılıq da öz növbəsində həddən artıq dəyər verməyə gətirib çıxarır. Və bu periodiklik beyini öz əsirinə çevirir, Məcnunluq anı başlanır!
Amma bunun da bir müddəti var. Çünki beyin, bu həzz və stress qarışığına həmişəlik tablamaq istəmir. Bu “ağır yükü” həm də üstündən atmağa çalışır. Çünki özünü müdafiə instinkti həmişə fəaldır. Bu səbəbdəndir ki, aşiq olan öz sevgilisindən tez küsür, inciyir, küsmələr günlərlə çəkir. Hər şeyin simmetriyası olduğu kimi, sevgi duyğusunun da qarşılığı olaraq – küsmək, nifrət və qısqanclıq var.
Sevgidə xəyanət – anındaca nifrəti önə çəkib, onun yerinə qoyur! Güclü sevgi “stressinin”, küsmənin qarşısını almağın ən yaxşı çarəsi – sevgililərin hərdən mübahisə etmələridir. Amma, “qılınc götürmə”, bir-birinin xətrinə toxunma həddinə çatmamaq şərti ilə! Bu baş verərsə, qarşıda onları bir-birinin gözündə adiləşmə və boşanma gözləyir.
Fredrix Beyqriderin “Eşqin ömrü üç ildir” adlı kitabı var. Bu kitabda nə yazılmasından asılı olmayaraq, orqazm müddətini uzatmaq mümkün olduğu kimi, eşqin də ömrünü uzatmaq mümkündür. Yüngül mübahisələr, hərdən-bir küsmələr, müvəqqəti ayrılmalar, əyləncələr, gəzintilər və sair vasitələrlə eşqi ömür yolunun fövqündə saxlamaq olar. Hətta, indi “Ekstosin” adlı maddə kəşf olunub ki, əks cinsin nümayəndələri yanaşı durub onu qoxulayarlarsa, üç saatlıq bir-birilərinə aşiq olurlar.
Demək, həyatımızın, mövqeyimizin, qiymətləndirməmizin hamısının əsasında – beynimizdəki kimyəvi reaksiyalar dururmuş. Kimyanız xalis, duyğularınız bol, həyatınız maraqlı və əyləncəli olsun, əziz insanlar!
Mahir BAYRAM, Medianews.az