“- Ona vaxt verək, – hindular dedilər. – SABAH ELƏ BU GÜNDÜR. SABAH BU GÜNÜN YALNIZ BAŞQA ADIDIR”.
(Folkner, “Qırmızı yarpaqlar”)
Bu yaxında dəyərli yazıçı-publisistimiz Seymur Baycanla məktublaşırdıq, bəy sovet mifləri haqda kitab yazmağın önəmli olduğunu bildirdi. Sözgəlişi, Seymur bəy uzun müddətdir Tiflisdə məskunlaşıbdır, cəlayi-vətən olmuşdur, deyəsən, uca millətimiz və sevgili xalqımız bir qiymətli oğlunu da artıq dərbədər salmağı bacarmışdır. Nə deyə bilərik, gedənləri saxlamağa gücümüz yoxdur. Uğur olsun. Barı arxalarıyca su ataq, xaricdə qumluğa düşüb qurumasınlar, qol-budaq atsınlar, kölgələri haçansa üzübəri düşsün.
Uzun sözün qısası, həmin yazışmamızda Seymur bəy məşhur sovet qəhrəmanlarından birinə də toxundu. Yaşlı adamlar o əhvalatı yaxşı bilirlər: bir nəfər sovet əsgəri faşistlərlə döyüşdə sinəsini pulemyota sipər edir, döyüş nöqtəsini bədəniylə bağlayır, nəticədə qalib gəlirlər və sairə. Bu, Aleksandr Matrosovun əhvalatıdır. Ancaq məsələ ondadır ki, SSRİ dağılandan sonra camaat araşdırma aparmışdı, məlum olmuşdu heç belə adda bir adam yox imiş. Yəni sənədlərdə filan vaxt SSRİ-nin filan şəhərində Matrosovun doğulduğu yazılıb, ancaq ərazidəki VVAQ şöbəsində bu doğum faktı yoxdur. Sonradan birtəhər düzüb-qoşmağa cəhd elədilər ki, guya bu, Şakircan adlı başqırd olmuşdur, yetimlər evində böyümüşdür, özünə sonradan Matrosov adını götürmüşdür.
Əlbəttə, tam inkar eləmək olmaz ki, Şakircan doğrudan da alman pulemyotunu sinəsi ilə bağlayıb. Ümumən o müharibədə yüzlərlə bənzər hadisənin olduğu deyilir, heç çoxunun adı yadda saxlanılmayıb. Sadəcə, Stalinə belə bir fakt lazım imiş ki, camaatı əliyalın, bədəni hesabına almanların qabağını saxlamağa yollasın. Propoqanda üçün idi. Generalları repressiya et, faşistlərlə ittifaq bağla, ölkə kommunist rejimində çöksün – nəticədə də “ət hesabına”, milyonları qırdırıb müharibəni udmağa məcbur idi.
Bütün tarix kitabları, xronikalar yalan-palanla doldurulmuşdu və 70 il birtəhər camaatı bununla yola verdilər, ancaq axırda imperiya darmadağın oldu. Ancaq qəribədir ki, SSRİ mifi hələ camaatın qəlbində qalmaqdadır. Bu yaxında hətta bir gülməli vəziyyətlə rastlaşdım: 1992-ci ildə, yəni SSRİ dağılandan bir il sonra doğulmuş cavan oğlan mənə – 1973 təvəllüd və o dövlətin nə olduğunu canlı görmüş adama isbat eləməyə çalışırdı ki, SSRİ yaxşı dövlət olmuşdur. Çörək növbələri, boş dükanlar, konserva qutusu maşınlar üçün on illər növbəyə durmaq, türmədə yaşayıb xaricə çıxmağa həsrət qalmaq, rəsmi senzura, rəsmi birpartiyalı diktatura rejimi nə deməkdir, təbii, mən ona başa sala bilməzdim. Çünki belə adamların “atası, dayısı o vaxt kef edibdir”. Amma reallıqda bir-iki oğru alababat yaşayırdı. Partnomenklatura üzvləri.
SSRİ dünyanın hər yerindəki sosialist dəlmə-deşiklərinə traktor və kombayn pay verirdi (40 ölkəyə), ancaq 1985-ci ilin rəsmi statistikası var: SSRİ hər hektardan 15 sentner taxıl yığırdı, bu rəqəm ABŞ-da isə 50 sentner idi. 1970-ci illərdə İsrail-Ərəb savaşları hesabına neftin dünya bazarında qiyməti qalxmışdı, Sibirdə təzə yataqlar tapılmışdı, bir az bunun hesabına sovetlərə pul gəlirdi, o neft pulu ilə camaata çörək çatdırırdılar. Ancaq 1980-ci illərin ortalarında neftin dünya qiyməti qəfil düşdü, bununla da SSRİ-nin beli qırıldı. İttifaqa zorla doldurulan respublikalar işıq yananda qaçıb gizlənən tarakanlar kimi hərəsi bir tərəfə dağılışdı. Hərçənd, həmin tarakanlar indi də keçmiş SSRİ məkanında müxtəlif yerlərdə ağalıq edirlər, bu səbəbdən “İndikindən o vaxtkılar yaxşı idi” demək mənasızdır. İndikilər elə o vaxtkılardır. Atributlara əl gəzdirib dona giriblər. Bəzi yerlərdə, misal üçün, Rusiyada heç himin musiqisini də dəyişməyə ehtiyac duymayıblar. O vaxt pambıq pripiskası edənlər yenə pripiskaya başlayıblar. O vaxtın raykom katibləri indi komitə sədridir. Hətta müxalifəti də köhnə komsomolçulardan düzəldiblər.
Camaat çox şeydən xəbərsiz yaşayanda özünü xoşbəxt hiss edir. Bu yalançı xoşbəxtliyin ömrü, təbii, təpik sənə dəyənə qədərdir. Rəsmi senzuranın yaratdığı uydurma səadətin nə olduğunu bir misal aydın göstərir. Təzəlikcə Rusiyada, Kemerovoda faciə oldu, 41-i uşaq olmaqla 65 nəfər yanıb öldü. Rus mediasında mən bunun analoqunun SSRİ-də baş verdiyini oxudum. Açığı, ilk dəfə oxuyurdum. Sən demə, 1961-ci ildə Çuvaşiyanın Elbarusovo kəndində məktəb yanıb və 106 uşaq ölüb. Bunların tam yarısı 7 yaşınacan uşaqlar olub. Şübhə etmirəm ki, bunu 92-ci ildə doğulan oğlanın “atası və dayısı” indi də bilmir.