Medianews.az
“Səhnə üçün çox darıxmışam, o mənə dərdi unutdurur, yubileyimdə səhnəyə çıxacam”- <span style=color:red>Xalq artistindən ETİRAF+FOTO
194 baxış

“Səhnə üçün çox darıxmışam, o mənə dərdi unutdurur, yubileyimdə səhnəyə çıxacam”- Xalq artistindən ETİRAF+FOTO

“Allaha təşəkkür edirəm ki, hər zaman mənim həyat və sənət yolumu gözəl edib. Mən çox xoşbəxt bir qadın, ana və nənəyəm. 40 ildən çoxdur ki, sənətdəyəm. Ömrümü rəqs sənətinə bağlamışam. Sevinirəm ki, rəqs sahəsində missiyamı çox uğurla davam etdirmişəm. Hələ də missiyama davam edirəm. Bəzən o illəri xatırlayıram. İnanın, bir dəqiqə də boş vaxtım olmurdu. Dünya ölkələrini gəzirdim, rəqslərimizi təbliğ edirdim. İki övladım var idi, bacılarım mənə kömək edirdilər. Dünya ölkələrindən də dəvətlər almışam, amma heç vaxt öz ölkəmi qoyub getməmişəm. Avstriyada 10 il işləyib, yenidən vətənə qayıtmışam. Yenə də dünyaya gəlsəydim, bu həyatı, bu sənəti seçərdim. Çünki məni işim, peşəm, sənətim ucaldıb”. Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru Təranə Muradova deyib. O daha sonra 60 illik yubileyinin nazirlik səviyyəsində qeyd olunacağını bildirib: “Oktyabr ayının 31-də xalq rəqslərinin dünya festivalı keçiriləcək. 25 ölkədən çox iştirakçılar gələcək. Bu festival mənim yubileyimə həsr olunacaq. Tamaşaçıları sürprizlər gözləyir. Ümid edirəm ki, bu sürprizim baş tutacaq. Mədəniyyət Nazirimizə öz təşəkkürümü bildirirəm. O hər zaman sənətə, sənətkarlara çox böyük diqqət göstərir. Dövlətim mənə hər zaman böyük qayğı göstərib. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev mənə birbaşa “xalq artisti” fəxri adını verib. Hər proqramızı bilirdi, bizimlə ünsiyyətdə olurdu. Bir çox tələbəm artıq xarici ölkələrdə çalışır. Bu məni çox sevindirir. Düzdür, problemlər hər yerdə var. Bu da düzələr. Xoreoqrafiyada görkəmli sənətkarlar dərs deyib. İndi onların davamçıları bizik. Biz də çalışırıq ki, bu problemləri həll edək, akademiyada boşluq yaranmasın, rəqs sənəti hər zaman yaşasın. Biz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetiririk. Mən yenə də yaradıcılıqla məşğulam. Ən böyük arzullarımdan biri incəsənətin inkişaf etməsi, bayrağımızın mədəniyyət sahəsindəki uğurlara görə zirvələrə qalxmasıdır”. Xalq artisti səhnə üçün darıxdığını vurğulayıb:“Mən səhnə üçün çox darıxmışam. 60 illik yubileyimdə də səhnəyə çıxacam. 70 illik yubileyimdə də məni səhnədə görəcəksiniz. Allah nə qədər ömür veribsə səhnədə olacam. Çünki səhnə insana dərdi, neqativi unutdurur. O qədər olub ki, özümü pis hiss etmişəm, səhnəyə çıxanda hər bir şey yadımdan çıxıb” deyə sənətkar bildirib. Əli Əsgər, Medianews.az

Bizə qoşulun