Medianews.az
Yol əhvalatı... <span style=color:red>Allah umuduna gedirik
232 baxış

Yol əhvalatı... Allah umuduna gedirik

Gəncə avtovağzalının qarşısı həmişəki kimi qələbəlikdi. Saat 00:30. Cavan oğlan tez-tələsik yaxınlaşır: -Əmi, qabaq yer 25 manat, otur, çıxırıq! -Dəqiq? -Otur çıxırıq!! -Yaxşı. Sən sürəcəksən? -Hə. Yükü baqaja qoyub kimisə harayladı. - Yerin pulunu ver! Saqqallı, uzun, arıq, 25 yaşlarında gənc ona yaxınlaşdı: -Vsyo? -Hə, tez ol! -Qoy görüm nağayrıram... Başını maşının pəncərəsindən içəri soxub: -Yer pullarınızı verin, benzin tökək! İki nəfər bir-birinin kartına atıb hesablaşdılar, ikimiz nağd verdik. Arxada oturan orta yaşlı kişi deyindi: -Mən çatmamış pul istəməyə pis baxıram!.. Sürücü əhəmiyyət vermədi. Mən dilləndim: -Maşını sən sürəcəksən? -Hə, qaqa. -Bəs o biri deyirdi özü sürəcək? -Kefsən eee... Sən demə, makler imiş, bizi buna topdan satıb, elə həmin andaca unudub başqa maşınlara "kliyent" tapmağa girişdi. Yola düşdük. 2011-ci il buraxılış "Şevrolet kruz" avtomobilidi. Maşının qabaq və yan tərəfində zədələr, batıqlar var. Maşın tərpənən kimi mənə tərəf dönüb: -Əmi, telefonu verə bilərsən uşağa zəng edim? -Uşaq kimdi? -Bizim uşaqdı... -Telefonun yoxdu? Arxadakı kişiyə işarə edib "dayı "sideniyanı" geri çəkəndə altda qalıb qırıldı". -Al, zəng, elə! Məlum oldu ki, özü kimi sürücü olan biri ilə danışır, haradasa görüş təyin elədilər... Gorana çataçatda "Vay!” deyə qışqırdı. Başımız telefona qarışdığından səsə dik atıldıq. Hamı bir ağızdan: -Nooldu? -Lapma çezdi... Qoy görüm nağayrıram. Bir az irəli sürüb mağazaya yaxınlaşdı. Sonra geri dönüb dedi: -Sizdə pul olar? Orta yaşlı kişi bu dəfə möhkəm əsəbləşdi: -Ədə, sənin lampa almağa pulun yoxdur, nə xaltura edən çıxıbsan? Nə isə, düzəldib verdik. Başqa çarə də yoxdur, pulumuzu əlimizdən alıb benzinə verib, biz artıq ondan asılıyıq. Cəhənnəm, salamat gedək, çataq, əşşi! Sürət 120-130, radarlarda kəskin tormozlayır. İrad bildirdim. Dişlərini ağardıb öz aləmində məni ələ saldı: -Əmi, qorxursan? Keç dala! -Maşınını düz-əməlli sür, cavan oğlan! Kürdəmirə yaxnlaşırıq, hamı mürgüləyir. Marketlərin birinin yanında saxlayıb "Bizon" aldı. Kondinsionerə və maqintofona "xod" verdi. "Vorobskoy" mahnılar bir-birini əvəz etməyə başladı. "Yetimin dozası quş dozasıdı..." Təxminən 15 dəqiqə sonra maşının arxa tərəfindən gurultu qopdu, hamı təlaşla bir-birinə dəyib həyəcanla soruşdu: -Yenə nə oldu, bu nə səs idi? -Heç, təkər partladı. Elə soyuqqanlı, vecsiz şəkildə dedi ki, məəttəl qaldım. Maşını sağa çəkib saxladı, düşdük. Arxa sol təkər çökmüşdü. Bəxtimiz gətirmişdi, o sürətdə qabaq təkər partlasa idi, Allah bilir, başımıza nələr gəlmişdi. Çünki təkərlərin hamısı çox köhnə idi. Baqajı açıb qurdalandı və kiminsə arxasınca söyməyə başladı. -İndi nə olub? "Zapaz" yoxdur? -Var, amma "danqrat" və açar yoxdur! Görüm, nağayrıram. -Niyə yoxdur? -Uşaqda qalıb... Yolun kənarına çıxıb üzü Bakıya doğru şütüyən maşınlara əl eləməyə başladı. Saxlayan yoxdur. Arxada əyləşən kişi mızıldandı: -Əvvəl yolda bir maşın qalanda hamı saxlayıb soruşurdu, indi qəza olmasa fikir verən yoxdur. 15-20 dəqiqədən sonra qərara gəldi ki, yavaş-yavaş qabağa gedək, bəlkə orada təmir sexi-filan olar. Bir marketin yanına qədər sürünə-sürünə gəldik. Bizi qəti vecinə almırdı, fikri cırıq təkərin yanında idi. "Yandı, yandı" deyə təəssüflənirdi. Sex tapılmadı, daha 1 kilometr sürünüb "zapravkaya" çatdıq. Növbətçi operator dedi, bura yaxında bir təkər təmiri yeri var, amma bağlıdı. Yenə yola düzülüb gedən maşınlara əl eləməyə başladıq, amma saxlayan olmadı. Bu dəm nədənsə orta yaşlı, üzündən yaxşı insana bənzəyən operatorun bizə rəhmi gəlib ümidverici xəbər verdi: -Sexin açarı "oxranda" var, amma mənim adım olmasın. Sürücü tez qaçıb yalvar-yapış elədi, kişinin saqqızını oğurladı... Bu vaxt dayandığımız yerə bir təcili yardım, arxasınca "Mersedes” yaxınlaşdı. Təcili yardım maşınının arxa qapısını açdılar, həkim qabaqdan düşüb gəldi. "Mersedes"dən isə bir kişi və bir xanım tələsik düşüb təcili yardıma yaxınlaşdılar. Xanım tez geri qayıtdı və əlində su şüşəsi, dərmanla xəstənin yanına qalxdı. Həkim isə çöldə dayanıb siqaret çəkirdi. Mənə bu mənzərə xeyli təəccüblü gəldi. Çünki, təcili yardımdakı xəstənin köməyinə həkim dura-dura arxadakı maşındakı qohumları gəlmişdilər. Nə isə... Bizim sürücü təkəri dəyişməyə başlayandan mən əhvalatı yazmağa başladım. 15 dəqiqə sonra yola düşdük. -Cavan oğlan, asta sür, o biri təkərlərə də etibar yoxdur... -Sən hələ o telefonu ver görüm! Verdim. Bayaq zəng etdiyi nömrəni yığıb: -Qaqa, başıma iş gəlib, kartıma 15 manat at görüm... Allah umuduna gedirik, saat 03:36, Hacıqabula hələ çatmamışıq... Elçin Rüstəmli

Bizə qoşulun