2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən, səfirliyin mühafizə xidmətinin rəisini qətlə yetirib, xidmətin iki əməkdaşını yaralayan terrorçu Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmü 2025-ci il mayın 21-də icra olundu. Bu hökmün icra olunması Azərbaycan-İran əlaqələrinin yaxşılaşması baxımından nə dərəcədə əhəmiyyətli hadisədir? İranın Prezidenti postunda Məsud Pezeşkinanın olmasının bu məsələdə rolu varmı, yoxsa hər hansı digər şəxs də İran Prezidenti olsaydı, hökm icra ediləcəkdi? Azərbaycan Prezidenti İlham Əliyev hökmün icrasının yubadıldığı məsələsini qaldırmışdı. İndi hökmün icrasını həm də Azərbaycanın İranı buna məcbur etməsi kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, hökmün icra olunmasına qeyd olunan bütün məsələlərin təsiri olub. Onun sözlərinə görə, nəyin əsas səbəb olduğunu söyləmək çətindir: “Çünki birinci növbədə ölüm hökmünün icrası hətta İran kimi ölkədə də müəyyən hüquqi prosedurlardan keçir. Yalnız insanın təqsiri tam təsdiq olunandan, bütün məhkəmə instansiyaları bunu təsdiqləyəndən sonra hökm icraya yönəldilir. Şübhəsiz ki, burada Azərbaycan tərəfinin tələbləri də rol oynayıb. Amma düşünürəm ki, bunun Məsud Pezeşkinanın prezident olması ilə elə bir əlaqəsi yoxdur. Yəni İranda məhkəmə sistemi prezidentdən asılı deyil, o cümlədən də məhkəmə hökmlərinin icrası. Məsələn, vaxtilə Mahmud Əhmədinejad İran Prezidenti olanda məhkəmə onun ailə üzvləri ilə bağlı cinayət təqibinə başlamışdı. Hətta bir nəfər həbs olunmuşdu. Səhv etmirəmsə, qardaşı idi. Yəni İranda məhkəmə sistemi prezidentdən asılı deyil. Ona görə burada Pezeşkianın rolunun olduğunu düşünmürəm”.

Politoloq vurğulayıb ki, hökmün indi icra olunması Azərbaycan-İran münasibətlərinin, belə demək mümkünsə, yeni mərhələsi ilə də əlaqəli ola bilər: “Təbii ki, məhkəməyə siyasi təsirlər var. Qeyd etdiyim kimi Prezident səviyyəsində deyil, amma İranın ali dini rəhbərliyi Azərbaycanla yeni münasibətlər qurmaq istəyi səbəbindən hökmü icraya yönəldə bilər. Məncə, İran Prezidentinin təsiri xaric bu məsələdə bütün amillər rol oynayıb. Adamın cinayəti çoxdan sübuta yetirilmişdi. Qətl törədib, səfirliyə hücum edib. Həmçinin cinayətin araşdırılması bütün istintaq instansiyalarından keçib. Yəni hökmün icra edilməməsi üçün heç bir əsas yox idi. Ona görə edam hökmünün yerinə yetirilməsində bir amilin, o cümlədən yalnız siyasi amillərin rolu olduğunu düşünmək yanlış olardı”.
Nailə Qasımova,
Medianews.az