Müxtəlif dövrlərdə Rusiya imperiyası, Sovet İttifaqı və Fransa adından çıxış etmiş bu dahi şəxsiyyət ixtisasca hüquqşünas olsa da, eyni zamanda tarixdə ən güclü şahmatçılarından biri hesab olunur. Onu şahmatla anası Anisya İvanovna Alekhina, böyük qardaşı Aleksey və böyük bacısı Varvara tanış edib.
1892-ci ildə Moskvoada doğulmuş bu əfsanəvi şahmat ustası 1921-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra Rusiyanı tərk edərək Fransaya köçmüş, 1925-ci ildə bu ölkənin vətəndaşlığına qəbul olunmuşdur.
Bəlkə də çox az adam bilir ki, rus inqilabından sonra, daha dəqiq desək, 1920-ci ildə bu şəxsiyyət sülh hakimi olmuş və analitik təfəkkürü və parlaq zəkası ilə üstü açılmamış qəliz cinayət işlərini aşardırmış və onların açılmasında böyük uğurlar qazanmışdır.
Bəli, söhbət 1927-ci ildə dünya çempionu tacı uğrunda keçirilən gərgin görüşdə həmin dövrədək məğlubedilməz hesab edilən kubalı şahmatçı Xose Raul Kapablanka üzərində qələbə qazanaraq dünya çempionu tituluna yiyələnmiş və sonrakı illərdə də iştirak etdiyi bütün turnirləri rəqibləri üzərində böyük üstünlüklə, çox zaman da birinciliklə başa vurmuş Aleksandr Alyoxindən gedir.
Özündən sonra çoxsaylı şahmatçıların, hətta şahmat üzrə 13-cü dünya çempionu olmuş Harri Kasparovun ilham mənbəyi olan Aleksandr Alyoxin öz dövründə o qədər məşhur olmuşdur ki, onu az qala istənilən peşə sahibi, hətta sıravi insanlar belə tanımışdır. İş o yerə çatmışdı ki, bir dəfə gömrük keçid məntəqəsindən keçərkən sənədlərində kiçik problem yarandığından məsələni aydınlaşdırmaq üçün qısa müddətə aeroportda gözlədilməsi istənilən Aloxin gömrük məmurlarına belə demişdir: “Mən Alyoxin. Dünya şahmat çempionu. Pasporta ehtiyacım yoxdur”.
Özünün etiraf etdiyi kimi prinsip olaraq gündə səkkiz saat şahmatla məşğul olan bu dahi şahmatçı özündən o qədər əmin idi ki, şahmat gücü haqqında təsəvvür yaratmaq üçün demişdir: “Mənə qarşı qazanmaq üçün məni üç dəfə məğlub etməli-siniz: açılışda, oyun ortasında və oyun sonunda”.
O, 1929 və 1933-cü illərdə Almaniyanı təmsil edən rus şahmatçısı Yefim Boqolyubov qarşısında öz titulunu qorumuşdur. 1935-ci ildə Maks Eyveyə məğlub olsa da, iki il sonra matç-revanşda qalib gələrək öz dünya çempionu titulunu geri qaytarmış və 1946-cı ildə qəfil ölümünədək şahmat tacını qoruyub saxlaya bilmişdir. Buna görə də Aleksandr Alyoxin məğlub edilmədən dünyasını dəyişən yeganə dünya çempionu kimi adını tarixə yazdırmışdır.
Alyoxin hərtərəfli şahmatçı olmuşdur. Belə ki, o, daha çox özünün hücum xarakterli oyun tərzi və effektli, dərin düşünülmüş kombinasiyaları ilə məşhurlaşmışdır. Bununla yanaşı, o, debütlərdə çox sayda nəzəri yeniliklərin müəllifi olmuş və yüksək endşpil texnikası ilə fərqlənmişdir. Qeyd edək ki, bu gün şahmatçılar tərəfindən sevilərək oynanılan bu dahi şahmatçının adını daşıyan “Alyoxin müdafiəsi” (“Alekhine’s Defence”) adlı açılış məhz Aleksandr Alyoxin tərəfindən şahmat aləminə gətirilmişdir.
Şahmatçılara həmçinin bu əfsanəvi şahmatçının adı ilə bağlı olan məşhur “Alyoxin silahı” (“Alekhine’s gun”) adlı şahmat termini də yaxşı məlumdur. Bu termin oyun zamanı şahmat taxtasında eyni xətdə iki top və sonda vəzir fiqurunun düzülmüş olduğu bir vəziyyəti ifadə edir. Bu cür düzülüş formasını ifadə edən “Alyoxin silahı” termini şahmat leksikonuna 1930-cu ildə Sanremoda Aron Nimçoviçə qarşı oynadığı və Alyoxinin həlledici qələbəsi ilə başa çatan oyundan sonra daxil edilmişdir.
O, şahmatın savaş məkanı olmasını bu sözlərlə dilə gətirmişdir: “Etdiyim şey oynamaq deyil, mübarizə aparmaqdır”.
Düzdür tarixdə Aleksandr Alyoxini sevməyən şahmatçılar, hətta dünya çempionları da olmuşdur. Məsələn, şahmat üzrə 11-ci dünya çempionu olmuş Bobbi Fişer Alyoxin haqqında demişdir “O, heç vaxt mənim qəhrəmanım olmamışdır. Oyunlarında xəta tapmaq çətindir, lakin bir baxıma bütün metodları xətadır”.
Fişer həmçinin deyirdi ki, “Alyoxin mənim həqiqətən də heç anlamadığım oyunçudur, lakin əgər bir Alyoxin oyununu görmüsünüzsə, hamısını görmüş sayılarsınız. Hər zaman güclü mərkəz istəyərdi, bütün fiqurlarını şah tərəfinə doğru yönləndirərdi, iyirmi beşinci gediş-də rəqibini mat etməyə başlayardı”.
Ümumilikdə 92 yarışda iştirak etmiş (5 olimpiada, 87 turnir) Alyoxin 49 turnirdə qalib olmuş, 13-ndə birinci yeri bölüşmüşdür. Keçirdiyi 24 matçdan 17-sini qazanmış, 4-ü heç-heçə başa çatmış, üçündə məğlub olmuşdur. Onun məğlubiyyətlərindən biri karyerasının başlanğıcında, qalan ikisi isə Maks Eyveyə qarşı olmuşdur.
Hər böyük şəxsiyyətin nöqsanları olduğu kimi Alyoxinin də müəyyən qüsurları olmuşdur. Hansı ki, bu qüsurlar Aleksandr Alyoxinin şəxsiyyətinə müəyyən ləkələr də gətirmişdir. Bu qüsurlar onun içkiyə və qadınlara aludəçiliyi olmuşdur. Buna baxmayaraq, o, həyatda çox mədəni və təvəzökar biri olmuşdur. Təsadüfi deyil ki, çox-çox sonralar amerikan şahmat böyük ustası Aleks Yermolinskinin Alyoxin haqqındakı etirafı maraq doğurur: “Şahmat oyunçularının eqoları elo reytinq xallarından daha sürətli böyüyür. Nəzakətli qaydada oyunu tərk etmə üsulu çox uzun zaman əvvəl unudulub. İnsanların oyunu necə məğlub olmağı bildiyi keçmiş günləri xatırlayın. Alyoxin bir sərxoş ola bilər, lakin birmənalı olaraq mədəni idi. 1935-ci ildə məğlub olduğu matçın son oyununa smokin geyinib gəldi və “yeni çempiona hurraa” deyə qışqırdı”.
Beləliklə, haqqında saatlarla danışa biləcəyimiz bu şahmatçı düşünürük ki, əbədi olaraq şahmat dünyasına öz damğasını vurmuşdur.
Tərtib etdi: Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi