Medianews.az-ın “Qonağım ol” rubrikasının növbəti müsahibi mərhum müğənni Anatollu Qəniyevin oğlu – Xalq artisti Heydər Anatolludur.
– İlk öncə efirlərdə görünməməyinizin səbəbini bilmək istərdik…
– Hara çıxım? Görmürsünüz efirlər nə gündədir? Kimlər gedib oturur orda? Mənə yaraşar gedib onun-bunun ailə işlərindən danışım? Sənət qalıb bir qıraqda…
– Bəlkə unudulmusunuz?
– Yox, niyə ki? Yaxşı dostlarım var. Ara-sıra görüşürük. Oturub çay içirik…
– Heydər müəllim, eşitdiyimə görə, səhhətinizdə problem yaranmışdı. İndi yaxşısınızmı?
– Hə, az qala ölürdüm, sən demə, infarkt keçirmiəm, xəbərim olmayıb. Bir də onda ayıldım ki, gedirəm… İndi şükür, qaydasındadır hər şey, ötən il oktyabr ayında stend qoyuldu ürəyimə. Bilirsiniz, adam sağlamlığından sınağa çəkilir. O gündən daha söz vermişəm, özümü yormayacağam. “Mübarək”, “Təbrik” şadlıq evinin rəhbərliyi dostumdur. Deyir ki, “Təbrik”də üç zal var, günə 100 manat verirəm, gəl bir-iki saat görün, get. Günə 100 manat aya nə qədər edir? Üç min! Dedim, yox, qəti! Özümü niyə fəda etməliyəm ki? Əsəblərim də dözmür. 62 yaşım var, nə vacibdir özümü dağa-daşa vurum? Odur ey, rəhmətlik Cavanşir, bütün günü çalışırdı, o efirdən bu efirə, o toydan bu toya… Deyirdim, ay Cavanşir, özünü niyə qorumursan? Deyirdi, uşaqlar… Həmçinin də rəhmətlik Səməd Səmədov. Hər ikisi dostlarım idilər… Baxırdın ki, gümrahdırlar. Heç adamın ağlına da gəlməzdi ki, sğlamlıqları yerində deyil. Yox, qızım, mən yaşamaq istəyirəm! Ona görə dayandırmışam hər şeyi. Şükür Allaha, uşaqlar da böyüyüblər , özləri özlərini idarə edirlər. Mən də mükafatlarımdan alıram, arabir toylara da gedirəm, dolanıram. 2000-ci illərə kimi toylarımın sayı-hesabı yox idi, sonradan aləm qarışdı bir-birinə. Bakılıları hər şeydən uzaqlaşdırdılar…
– Harda yaşayırsınız?
– Masazırda – həyət evində. “Şamaxinka” tərəfdə də evim var, amma həyət evinin yeri ayrıdır…
– Əgər səhv etmirəmsə, Azərbaycan Prezidenti Sizə ev hədiyyə etmişdi. Nə yaxşı o evdə qalmırsınız?
– Sağ olsun ölkə rəhbəri, incəsənətə, mədəniyyətə dəyər verir, bizləri heç unutmur. Yeni Yasamalda yenitikili ev hədiyyə edib mənə, amma təmirsizdir deyə, Masazırda qalıram. O ev də durur orada, kimə ziyanlığı var. Hələ gücüm yoxdur, nə vaxt imkan olar, təmir edərik.
– Səhnəyə, efirə yaraşan görkəminiz var. Filmlərə, seriallara dəvətlər alırsınızmı?
– Hələ ki, yox…
– Elə rollar var ki, tam Sizə görədir…
– Mən ziyalı ailədə böyümüşəm. Belə pis çıxmasın, uşaq vaxtımdan hər şey görmüşəm, atam toylardan çamadanlarla pul gətirib, qara kürünü qazanla qabağıma qoyurdular, qaşıqla yeyirdim uşaq olanda. Mən görüb-götürmüş ailədənəm, ona görə də pulun arxasınca qaçmıram. Özümü pul üçün ora-bura vurmuram, nəyim var, min şükür.
– Mərhum atanızın yolunu davam etdirdiniz, ona nəsib olmasa da, siz Xalq artisti adına layiq görüldünüz. Bəs ailənizdə Sizin davamçınız varmı?
– Var idi, amma özüm istəmədim… Böyük oğlum hərbi orkestrdə xidmət edir, kiçik oğlum da səs rejissorudur…
– Dövlət tədbirlərinə dəvətlər alırsınızmı?
– İnanırsınız, hər il məni çağırırdılar.
– Əlaqələriniz var köhnə həmkarlarınızla?
– Hə, əlbəttə, dostlarla münasibətimiz var, arabir hal-əhval tuturuq.
– Duet ortaqlarınız kimlər olub?
– Almaz Ələsgərli, Sevda Əliqızı, Samirə və digərləri duet ortaqlarım olub.
– Bəs indi niyə duetləriniz yoxdur?
– Hesab edirəm ki, buna ehtiyac yoxdur, elə solo yaxşıdır.
– Vaxtilə Sizinlə bərabər İlqar Sail də sənətə gəlmişdi, xatırlayırsınızmı onu?
– Əlbəttə… Restoranlarda yenə də oxuyur. Maşallah, işləri yaxşıdır. Fəxri ad da aldı (gülür).
– Arada özünüz özünüzə sual verirsinizmi ki, nə yaxşı yolum bu sənətdən düşdü? Yoxsa peşmançılıq hissi keçirirsiniz?
– Bəzən olur, fəxr edirəm ki, o kişinin (atasını nəzərdə tutur – K.A) oğlu oldum, onun yolunu davam etdirdim, oxudum, bu xalqın mədəniyyətinə qulluq etdim. Amma bəzən televizordakılara baxıb peşmançılıq hissi keçirirəm. Deyirəm, gör zirvələrdə saxladığımız sənəti necə yerdən-yerə vururlar. Və heç kim də danışmır, susuruq. Axı danışmağa sözümüz də yoxdur. Nə deyək? Bax belə…
Könül AYPARA