Elektrik avtomobilləri daxili yanma mühərrikləri olan avtomobillərdən daha tez sıradan çıxır.
Medianews.az xəbər verir ki, bu barədə “The Verge” nəşri “JD Power” tədqiqatçılarına istinadən məlumat yayıb.
Məlumata görə, “JD Power” tədqiqatçıları bildiriblər ki, elektrik avtomobillərinin nasazlığı daha çox proqram təminatı ilə bağlıdır.
Analitiklər elektromobillərin, hibrid avtomobillərin və daxili yanma mühərriki (ICE) olan avtomobillərin xarab olma hallarını təhlil ediblər. Məlum olub ki, elektrik avtomobilləri və “plug”in hibridləri hər bir parametrdə – mühərrik, şassi, yanacaq komponentləri və sairdə daxili yanma mühərrikləri olan avtomobillərdən daha tez xarab olur.
Sorğunun nəticələrinə görə, hər 100 benzin və dizellə işləyən avtomobilə 180 təmir hadisəsi, 100 elektromobilə isə 266 belə hal düşüb. Toplanmış məlumatlar əsasında ekspertlər elektrik nəqliyyatının əsas problemini – proqram təminatını müəyyən edə biliblər. Demək olar ki, həmişə problemlər elektronika ilə bağlıdır.
“JD Power” eksperti Frank Hanleyin sözlərinə görə, elektrik avtomobilləri və hibrid avtomobillərin kritik nasazlıqları daxili yanma mühərrikləri olan avtomobillərlə müqayisədə üç dəfə çox qeydə alınıb. Hanleyin fikrincə, belə problemlər yaranarsa, avtomobili dilerə aparmaq mümkün deyil. Çünki onun təmiri tələb olunur və problem daha yüksək texniki səviyyədə düzəldilməlidir.
“The Verge” müasir elektrik avtomobillərini “təkərli kompüterlər” adlandırıb. Jurnalistlər avtomobil sənayesinin “mümkün qədər çox proqram təminatını modellərinə sığdırmaq üçün xaotik bir şəkildə təqib etdiyini” də qeyd etdilər.
Medianews.az