Yaxında baş verə biləcək kəhanətlər haqqında öyrənmək istəyirsiniz?
Öncədəngörmələr inanmıram ki, kiminsə diqqətini çəkməsin. Hətta inanmayanlar belə, göz ucu da olsa, Vanqanın, Nostradamusun gələcəkdən xəbər verən kəhanətlərindən heç olmasa bir neçəsini həyatında bircə dəfə də olsun oxuyublar. Özü də hər ilin sonu müxtəlif saytlarda və qəzetlərdə “Filan görücü gələn il üçün nələri ön gördü?” tipli başlıqlarla olan ənənəvi yazıları düşünmürəm ki, kimsə oxumur.
Mən sizə bu dəfə başqa bir medyum haqqında söhbət açır və həmin medyumun ən yaxın, hətta bu il baş verəcəyini iddia etdiyi kəhanətlər kitabından söhbət açıram. Barəsində bəhs edəcəyim görücü xanım və onun kitabı əminəm ki, diqqətinizi çəkəcək. Buna görə də səbrli olub sonadək oxumağınızı istərdim, doğrusu..
Sizə qısaca deyim ki, yəhudi bir ata və protestant bir ananın qızı olan, amerikalı ekstrasens medium, hipnoterapist və yazıçı Silviya Braun (1936-2013) paranormal mövzularda 40-a yaxın kitabın müəllifidir və onlardan bəziləri “The New York Times Best Seller” siyahısında yer almaqdadır. Düzdür, bu kitabların bir çoxunu Lindsay Harrison və Chris Dufresne kimi digər yazıçılarla birgə qələmə almışdır.
Özünün dediyinə görə öncədəngörmə qabiliyyəti ona ana nənəsi Ada Kolendən keçib.
Onun “O biri dünyada həyat” adlı kitabı da hazırda ən çox oxunan kitablardan biridir.
Düzdür, etiraf etmək lazımdır ki, Braun tez-tez itkin düşmüş şəxslərin yerləri haqqında dediyi açıqlamalar də daxil olmaqla, sonradan yalan olduğu müəyyən edilən bir sıra başqa kəhanətlər də irəli sürmüşdür. Onun ən böyük tənqidçilərindən biri Robert S.Lancaster və Jon Ronsondur. Lakin bu da bir həqiqətdir ki, müəyyən önvədəngörmələri sonralar gerçəkləşmişdir.
Silviya Braunun (Sylvia Browne) “End of Days and Prophecy: What the Future Holds For You” (“Günlərin sonu və Peyğəmbərlik: Gələcəkdə sizi nələr gözləyir”) adlı kitabı (kitabı Lindsay Harrison ilə birgə yazıb) öncədəngörmələrlə doludur.. Belə ki, kitabda 2005-2100-cü illərə dair QANDONDURAN inanılmaz kəhanətlər yer alır. Silviya Braun və onun haqqında söhbət açdığım bu kitabı ilə bağlı ayrıca bir geniş məqalənin yazılması isə zərurətdən qaynaqlanır.
Nəzərinizə çatdırım ki, Braun ölümündən YEDDİ İL SONRA medianın diqqətini məhz bu kitabı ilə çəkmişdir. “Nəyə görə?” sualını verirsinizsə, deyim. Kitabda bir çox digər gələcəkgörmələrlə yanaşı o, COVID-19 pandemiyasına dair kəhanət irəli sürmüşdür. Yəni COVID-19 bəlası baş vermədən nə az, nə çox, tam 7 il əvvəl o, bunu kitabında belə təsvir etmişdir: “2020-ci illərdə ağciyərlərə və bronxlara ciddi təsir göstərən və müalicəyə inadkarcasına dirənən pnevmoniyaya bənzər xəstəliyin partlaması səbəbindən cərrahi maskalar və plastik əlcəklərlə gəzən daha çox insan görəcəyik. Xəstəliklə bağlı çaşqınlıq yaradan şey isə o olacaq ki, bir qış ərzində böyük çaxnaşma yaratdıqdan sonra ON İL SONRA YENİDƏN ORTAYA ÇIXACAQ və həm səbəbləri, həm də müalicəsi sirr olaraq qalmaqla müəmmalı şəkildə tamamilə yox olacaqdır”.
Diqqətinizi çəkdimi? Yazır ki, bu bəla on il sonra yenidən ortaya çıxıb, sonra bir də müəmmalı formada tamamilə yoxa çıxacaq. Allah ömür versə, yaşayaq görək!
Bir tərəfli məlumat olmasın deyə, onu da deyim ki, tədqiqatçı Benjamin Radford və başqaları bir paraqrafdan ibarət olan bu gələcək təxminin çox ümumi olduğunu deyib və kəhanətin COVID-19-dan daha çox 2003-cü ildə baş vermiş SARS epidemiyasına daha yaxın hesab etdiyini bildirərək Silviya Braunun bu gələcəkgörməsini ciddi qəbul etməmişdir. Amma unudulmamalıdır ki, əgər bu kəhanət SARS epidemiyasına işarə edirsə belə, deməli, onu yenə də gələcəkgörmə adlandırmaq olar.
Marağınızı çəkəcəksə, onun iddiasına görə bu il və yaxın gələcəkdəki tarixlərdə baş verəcək bir neçə öncədəngörməsini Sizə deyim:
– 2024-cü ildə ekoloji dövrün bir hissəsi olaraq, bu tarixdən sonrakı onilliklər ərzində həyatımızı dəyişdirəcək asit (turşu) yağışlarının şahidi olacağıq.
– 2022-2027-ci illər arasında Orta Amerika və Cənubi Amerika qitəsinin şimalında yaşayan qurbağaların sayında yüksək artım müşahidə olunacaq.
– 2026-cı ildə Yaponiyanın böyük bir hissəsinə güclü təsir edən sunamilər görürəm. Marqlısı isə odur ki, bu sunamilərin sonunda Havay adaları boyunca bir torpaq kütləsi meydana çıxacaqdır.
– 2040-cı illərin əvvəllərində turist ziyarətləri və günəş sistemindəki daha uzaq yerlərə ediləcək yolçuluqlar üçün bir dayanacaq nöqtəsi yaratmaq məqsədilə bir ay stansiyası qurulacaqdır.
Kitabda din haqqında, saxta Məsihin gəlişi, təhsil, texnologiya, siyasət, iqtisadiyyat, hətta yadplanetlilər və digər mövzular haqqında maraqlı öncədəngörmələr vardır.
Sonda Silviya Braunun “End of Days and Prophecy: What the Future Holds For You” (“Günlərin sonu və Peyğəmbərlik: Gələcəkdə sizi nələr gözləyir”) adlı kitabını mütləq oxumağınızı tövsiyə edirəm.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi