Tam adı Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso olan bu ispan rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindəndir.
Doğumu ailəsini sevinc hissi keçirməsi əvəzinə kədərləndirmişdi. Ona görə yox ki, o dünyaya gəlib, ona görə ki, doğulan zaman onu ölü zənn etmişdilər. Uşağın xilaskarı isə dayısı olmuşdu. Belə ki, masada ölü kimi hərəkətsiz uzanan körpəni görən dayısı çəkdiyi siqaretin tüstüsünü onun üzünə üfürmüş, sonra isə körpə qəfildən ağlamağa başlamışdı. Bununla da nə qədər təzadlı səslənsə də, siqaret bir insan həyatını xilas etmişdi.
Bəli, söhbət adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Pablo Pikassodan gedir.
1911-ci ildə məşhur “Mona Liza” tablosunun oğurlanmasında şübhələnildiyinə görə istintaqda dindirilənlər arasında da yer almış bu dahi sənətkar Jorj Brakla birlikdə üç səthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanın banisi sayılır.
50 yaşında bütün əsərlərinin statistikası aparılmağa başlayan bu böyük şəxsiyyətin 75 illik karyerasında 13500 rəsm, yüz mindən çox çap, 34000 kitab təsviri, 300 heykəltəraşlıq və keramika əsəri hazırladığı məlumdur.
Uşaqlıq illərini belə hesaba qatsaq, bu bilirsiniz nə deməkdir? Adi riyazi hesablama əməlıyyatı etsək, bu mənzərə ilə qarşılaşarıq: Deməli, Pablo Pikasso hətta ana bətnindən çıxdığı gündən əsər yaratmağa başlasa belə öldüyü gün də daxil hər günə 5 əsər düşür. Təsadüfi deyil ki, məhz bu göstəricisinə görə o, “ən məhsuldar rəssam” kimi Ginnesin Rekordlar kitabına düşmüşdür.
Onun ən məşhur əsəri Almaniyanın Hərbi Hava Qüvvələrinin Gernika şəhərinin dinc əhalisini bombalamasından bəhs edən 1937-ci ildə çəkilmiş “Gernika” əsəridir. Bu rəsm əsəri hazırda Madriddəki Reina Sofiya İncəsənət Müzeyində saxlanılır. Həmin rəsmdə Pikasso müharibəyə və Gernikanın bombalanmasına güclü nifrətini təsvir etmişdir. Rəsmdəki insan və heyvan fiqurları ağrı, kədər və müharibəyə antipatiyanı əks etdirir. Sərgilərinin birində Pikassoya bir alman generalından “Bunu sizmi yaratmısınız?” – deyə soruşduqda, onun “Xeyr, siz yaratmısınız” – deyə cavab verməsi isə tarixə keçmiş məşhur dialoqlardan biri olmuşdur.
1944-cü ildə Fransada Kommunist Partiyası sıralarına daxil olmuş Pikasso 1962-ci ildə Lenin Sülh mükafatına layiq görülmüşdür.
Onun həyatına aid olan bəzi sirlər isə çox sonralar aşkar edilmişdir. Məsələn, 2003-cü ildə məlum olmuşdur ki, Pikasso, 1944-cü ildə Fransa vətəndaşlığı üçün müraciət etmiş, lakin “kommunizmə meyilli olan ekstremist baxışları” səbəbindən rədd cavabı almışdır.
Həyatının sonlarına doğru ağciyər ödemi xəstəliyindən əziyyət çəkən Pablo Pikasso 91 yaşında infarkt keçirərək dünyasını dəyişmişdir.
Ondan geriyə qalanlar isə yaratdığı məşhur ölməz əsərləri ilə yanaşı, aforizmə çevrilən aşağıdakı gözəl kəlamları olmuşdur:
– Anam mənə demişdi ki, əgər gələcəkdə əsgər olsan general, rahib olsan, papa olacaqsan. Mən onların yerinə rəssam olmağa qərar verdim və Pikasso oldum.
– Bacaracağını düşünən bacarar, bacara bilməyəcəyini düşünən bacarmaz. Bu dəyişməz və mübahisəsiz bir qaydadır.
– Başqaları nə baş verdiyini görüb “nəyə görə?” – deyə soruşur. Mən isə nə ola biləcəyini görüb “nəyə görə olmasın?” – deyə soruşuram.
– Başqalarını yox, özümü plagiat etməkdən qorxuram.
– Əslində hər uşaq sənətkardır, ancaq valideynlərinin icazə verdiyi müddətdə.
– Hədəflərimizə ancaq canla-başla inandığımız və səylə həyata keçirdiyimiz bir planla nail ola bilərik. Uğura aparan başqa yol yoxdur.
– Hər şeyi söyləmirəm, amma hər şeyin şəklini çəkirəm.
– Hər uşaq sənətkardır, problem böyüyəndə necə sənətkar qala biləcəyimiz məsələsidir.
– Həyatın anlamı qabiliyyət və bacarıqlarınızı bilməkdir, məqsədi isə onu təqdim etməkdir.
– Xəyal edə bildiyin hər şey sənindir.
– İstənilən bir yaradıcı fəaliyyət hər şeydən əvvəl nəyəsə müxalif olma fəaliyyətidir.
– İşləyəndə rahatlayır və dincəlirəm. Əslində məni yoran şey heç nə etməmək, ya da qonaq qəbul etməkdir.
– Mən axtarmıram, tapıram.
– Mən hər zaman edə bilməyəcəyim şeylər üzərində işləyirəm ki, necə edə biləcəyimi öyrənim.
– Mən obyektləri gördüyüm kimi deyil, düşündüyüm kimi rəngləyirəm.
– Məndən çəkdiyim bir rəsm əsərini izah etməyi istəməyin. Mən sadəcə təsvir edirəm. Onu izah etmək istəsəydim, oturub yazardım.
– Sənət həqiqəti tanımağa kömək edən bir yalandır.
– Tək bir doğru olsaydı, eyni mövzuda yüz rəsm əsəri çəkilməzdi.
– Uğurun açarı fəaliyyətdir.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi