Azərbaycan Respublikası Mülki Məcəlləsində olan “mirasda məcburi pay” institutunu bəzən cəmiyyət üzvləri ədalətsiz bir institut olmaqda ittiham edir. Bəri başdan deyim ki, bu möqelərini qismən haqlı hesab etmək olar.
Qeyd edək ki, həmin məcəllənin 1193-cü maddəsində deyilir:
“Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.
Dərhal qeyd edək ki, bu institutun mütərəqqi tərəfi ona yönəlib ki, bəzən insanların qərəzlilik və haqq pozan hərəkətlərinin qarşısı alınsın. Tutaq ki, ata övladlarından birinə fərq qoyub onun haqqını tapdalayaraq gələcəkdə ona çatası payı əsassız və ədalətsiz olaraq başqa bir “sevimli” övladına verə bilməsin.
Lakin “mirasda məcburi pay” anlayışının təcrübədə tətbiqinin bəzən neqativ tərəfləri də baş verə bilir.
Bəzən (bəlkə də çox vaxt) həyatda nankor insanlarla qarşılaşmaq olur. Məsələn, doğma övladını yeməyib-içməyib saxlayan bir ananın iki övladı olduğunu düşünək. Təsəvvür edək ki, ana yaşlandıqdan sonra övladlardan biri qoca anaya qulluq edir, ona hər an maddi və mənəvi köməkliyini əsirgəmir. Digər övlad isə nəinki anaya baxmır, ana onu görmək istədikdə belə ananı gəlib görmür, mənəvi baxımdan da ona əzab verir. Yazıq ana isə nəticədə nankor övladına ibrət dərsi vermək üçün vəfat etməzdən əvvəl bütün əmlakını onun qayğısına qalan övladına vəsiyyət edir.
Ana vəfat etdikdən sonra nankor övlad peyda olur, anasının vərəsəsi olduğunu “xatırlayır” və həyasızcasına anasından miras qalan payını tələb edir.
Məsələ burasındadır ki, bu zaman nankor övladın xeyrinə “mirasda məcburi pay” anlayışı köməyə çatır və o, anasının vəsiyyətnaməsinin məzmunundan asılı olmayaraq, mirasdan məcburi payını, kobud ifadə ilə desək, qopara bilir.
Bu zaman necə etmək olar ki, həmin övlad (əgər övlad demək mümkündürsə!) əliboş qalsın və ona doğma anasından heç bir pay çatmasın? Başqa sözlə, necə edək ki, mülki qanunvericilimizin o şəxsə münasibətdə QANUNİ olsa da, ƏDALƏTSİZ olan müddəası tətbiq olunmasın?
Mülki Məcəllənin 32-ci fəsli ilə tənzimlənən “bağışlama müqaviləsi” vardır. Həmin fəsil daxilində olan 666.1-ci maddəsinə görə “Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama ÖHDƏLİKLƏ ŞƏRTLƏNDİRİLMƏYİBSƏ, hədiyyənin qəbul edildiyi ehtimal olunur”.
İndi deyəcəksiniz ki, bağışlama müqaviləsinin mətləbə nə dəxli var? Bir az səbirli olaq, dostlar. Xahiş edirəm, məni tələsdirməyin.
Mülki Məcəllənin 328-ci maddəsi “şərtlə bağlanmış əqdlər” adlanır və maddənin birinci hissəsində deyilir: “Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır”.
Bağışlama müqaviləsinin birtərəfli əqd olduğunu hüquqşünaslara xatırlatmağa ehtiyac olmasa da, əziz oxucularımız üçün diqqətə çatdırdıq ki, çaşqınlıq yaratmasın.
Deməli, belə: Biz bir qədər əvvəl, bağışlama müqaviləsinin anlayışını verərkən dedik ki, maddədə qeyd olur ki, “Əgər bağışlama ÖHDƏLİKLƏ ŞƏRTLƏNDİRİLMƏYİBSƏ, hədiyyənin qəbul edildiyi ehtimal olunur”.
“ÖHDƏLİKLƏ ŞƏRTLƏNDİRİLMƏYİBSƏ” müddəasından yola çıxıb Mülki Məcəllədə maddələr üzrə arxaya doğru qayıtmaqla “az gedib, üz gedib, dərə-təpə düz gedib gəlib çatsaq” məcəllənin 328-ci maddəsindəki “şərtlə bağlanmış əqdlər” anlayışına, o zaman belə edə bilərik. Necə?
Deməli, bayaqkı misalımızdakı yazıq ana sağlığında öz ayağı ilə qayğıkeş övladını da götürüb notariusa getməlidir. Orada birlikdə bu məzmunda bir müqavilə bağlamalıdır: “ölənədək mənə baxacağın təqdirdə, mən öldükdən sonra bu evi qayğıkeş övladıma hədiyyə edirəm”.
Bir daha deyək ki, mülki qanunvericiliyin tələblərinə görə, hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.
Onu da deyək ki, bu şərt qarşılığında bağışlama müqaviləsini bağlamaq ana üçün daha əlverişlidir, həm də ananı “sığortalayır” da. Həyatdır də, birdən gələcəkdə qayğıkeş övlad da bivəfa çıxarsa, ana yazıq isti evindən məhrum olmasın. Sözümün canı bu zaman hədiyyəni qəbul edən şərtə əməl etməzsə, hədiyyə geri qaytarıla bilər.
Yaxşı, mətləbdən uzaqlaşmayaq. Nankor övlada münasibətdə hüquqi həll yolunu izah etdiyimi düşünürəm.
“Arşın mal alan” bədii filmində Soltan bəyin dediyi kimi “Bir molla, üç manat pul, bir kəllə qənd, vəssəlam-şüttəmam”.
Mübahisə bitir. Artıq göründüyü kimi, bu zaman nankor övlad ana öldükdən sonra “məcburi pay”dan danışa bilməyəcək. Çünki vərəsəlikdən söhbət getməyəcək. Ana sağlığında mülkiyyət hüququna malikdir. Mülkiyyət hüququ əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu ehtiva edir. Başqa sözlə, istənilən şəxs öz əmlakının taleyini istədiyi kimi HEÇ KİMDƏN İCAZƏ ALMADAN həll edə bilər. Düzdür, bəzən bəzi (hamısı yox!) notariuslar nə qədər GÜLÜNC VƏ ABSURD da olsa, bağışlama müqaviləsi bağlanarkən bağışlayan adamın bütün övladlarının razılığını tələb edirlər. Bu isə konstitusion hüquq olan MÜQƏDDƏS mülkiyyət hüququnun təbiətinə ZİDDİR və vu hüququ başqa şəxsin (bu şəxs övladın da olsa) istəyindən asılı hala salır. Bu problemin kökü isə notariat hərəkətlərinin aparılması ilə bağlı Təlimatın konstitusiyaya daban-dabana zidd olan bəzi müddəalarının “Qurani-Kərim” ayəsi kimi qəbul edilməsindən qaynaqlanır. İnşAllah, yaxın gələcəkdə bu da düzələr deyək.
Nə isə. İndi qaldı bir məsələ. Deyəcəksiniz ki, ay cənab hüquqşünas sən nə etdin? Bixəbər insanlara bunu izah etməklə sən bilirsən aləmi necə qarışdırdın? Vay-vay, “qaş düzəltdiyin yerdə, göz çıxardın” axı sən? Təsir əks-təsirə bərabər olduğundan burada da tərs bir hal baş verəcək. İndi övladına fərq qoyan qərəzli şəxslər tez digər “sevimli” övladlarını da götürüb qaçacaq notariusa ki, tez bir şərtlə bağlanmış bağışlama müqaviləsinə mübarək imza atsınlar, digər vicdanlı övladlarını gələcəkdəki ata payından məhrum etsinlər. Tamam. Nə deyim! Razıyam sizinlə, bu da ola bilər.
İnsanoğlu yaşadığı müddətdə şəffaf suda belə, pis bir şey tapacaq onsuz da. İstər “mirasda məcburi pay” institutunun, istərsə də mən təklif etdiyim üsulun müsbət və mənfi tərəfləri vardır. Ən yaxşısı bu məsələdə seçimi özünüzə buraxmaqdır. Bu qədər. Vallah, hər zaman olduğu kimi, sözügedən mövzu üzrə də yenə bitmədi sözüm, amma davam da edib başınıza ağrıtmayacağam daha. Qalın salamat.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fənləri kafedrasının baş müəllimi